YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada etibarlı tərəfdaş olduğunu hər zaman təsdiq edir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq müstəvidə etibarlı tərəfdaş statusunu daha da gücləndirməkdədir. Xüsusilə, dünyada və yaxın regionumuzda baş verən proseslər fonunda Avropanın enerji təhlükəsizliyi qlobal çağırışa çevrilib. Belə bir dönəmdə Azərbaycan yenə də dünyanın diqqət mərkəzinə çevrildi.

Məlumdur ki, bugünlərdə paytaxtımız Bakı şəhəri mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.

Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda  Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Sərginin açılış mərasimində Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı Cənub Qaz Dəhlisi layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan tranzit ölkə kimi də beynəlxalq birliyin diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı transmilli nəqliyyat və logistika şirkətlərinin görüşmək, müzakirələr aparmaq üçün Bakını seçmələri, eləcə də region dövlətlərinin ölkəmizlə nəqliyyat məsələlərini intensiv şəkildə müzakirə etmələri və sənədlər imzalamaları heç də təsadüfi deyildir. Son vaxtlar müşahidə edilən geosiyasi gərginliklər, xüsusən Rusiya-Ukrayna müharibəsi regionun nəqliyyat və logistika xəritəsinin yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Müharibə səbəbindən Ukraynanın Qara dəniz limanlarının və Rusiyadan keçən marşrutların təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Bu kimi səbəblərə görə də daşıma və logistika xidmətləri göstərən transmilli şirkətlər daha etibarlı və təhlükəsiz marşrutlar axtarışındadırlar. Belə bir şəraitdə nəzərlər yenə də əlverişli coğrafi mövqedə yerləşən Azərbaycana yönəlib. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı və digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Beləliklə, Avropanın yenə də Azərbaycanın dəstəyinə ehtiyacı var. Dövlətimiz isə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiq etməyə hazırdır. Şübhəsiz ki, bu mövqe milli və dövlət maraqlarımızın prioritetlərinə əsaslanır! 

DİGƏR Xəbərlər Arxiv