YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əlaqələri dövlətlərarası münasibətlərdən daha yüksək səviyyədədir

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında aparılan danışıqları müsbət qiymətləndiririk. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik.

Bu fikirləri Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.

İyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə toxunan C.Bayramov bu bəyannamə ilə iki ölkə arasında dostluq, qardaşlıq və strateji münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Müsahibəsində Azərbaycan və Türkiyə münasibətlərini iki dövlət arasındakı münasibətlər çərçivəsində qiymətləndirməyin mümkün olmadığını vurğulayan nazir deyib: “Çünki Türkiyə ilə Azərbaycan arasında bu qədər yaxınlıq, qardaşlıq, sədaqət münasibətləri var. Bizim əlaqələrimiz dövlətlər arasındakı münasibətlərdən daha yüksək səviyyədədir. Bizim liderlərimiz bu fəlsəfənin əsasını ortaya qoyublar”.

Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir!” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamlarını xatırladan Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin daim daha da möhkəmləndiyini ifadə edib.

Ölkələrimiz arasındakı münasibətlərə diqqət çəkən nazir deyib: “Hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında münasibətlər görünməmiş yaxınlıq səviyyəsindədir. Şuşa Bəyannaməsi onu müttəfiqlik səviyyəsinə qaldırdı və gələcəyə baxaraq bir çox sahələrdə yeni hədəflər qoydu”.

Azərbaycan və Türkiyənin ikitərəfli əlaqələrlə yanaşı, bir çox beynəlxalq məsələlərdə də əməkdaşlıq etdiyini vurğulayan C.Bayramov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı da mühüm qərarlar qəbul edir və bu qərarlar təşkilata daxil olan dövlətlər arasında münasibətlərə, həmçinin bölgə xalqlarına müsbət töhfə verir.

Ölkələrimiz arasındakı əlaqələrin gələcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: “Əminəm ki, Azərbaycan-Türkiyə münasibətləri indiyə qədər olduğu kimi, gələcəkdə də ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq artan dinamika ilə inkişaf edəcək və bu qardaşlıq, müttəfiqlik günü-gündən daha da möhkəmlənəcək”.