YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təşəbbüsləri reallığa çevirməklə liderliyini qoruyur

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri 

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi  bugünkü uğurlarımızda əhəmiyyətli rol oynadı. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar göz önündədir. Enerjiyə olan daxili tələbatını tam şəkildə ödəyən ölkəmiz iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələri ilə dünyanın enerji təhlükəsizliynin təminatına öz töhfələrini verir, dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir, yeni əlavələr edir.

Pandemiya səbəbindən iki illik fasilədən sonra keçirilən sayca 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi dünyanın diqqətini Azərbaycana, azad Qarabağa, azad Şuşaya yönəltdi.  30 müxtəlif ölkəni təmsil edən 249 şirkəti bir araya gətirən Sərgdə keçilən yolun, enerji sektorunda qazanılan uğurların təhlili  fonunda perspektivlər müzakirə edildi. Artıq əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bir mühüm məqamı da nəzərə alaq ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bölgələrin malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları uğurla həyata keçirilir. Hazırkı dövrdə- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin  uğurla həyata keçirildiyi bir zamanda bu torpaqların malik olduqları potensialın təqdimatı vacib amillərdəndir.

Dövlət başçısı İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində də bu məqama xüsusi diqqət yönəltmişdir ki, enerji amili, enerji diplomatiyası və bütün layihələr  iqtisadi potensialımızı gücləndirir. Bizə imkan yaradır ki, təkmil islahatlarla yanaşı, neft-qaz sektorundan əldə edilən  gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilsin. Bunun nəticələri göz önündədir. Belə ki, bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində isə  15 faizdən artıq olub. “Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki,  bu,  iqtisadiyyatımızın şaxələndirilməsidir. Bu gün Azərbaycanda biznes mühiti lazımi səviyyədir. Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Azərbaycan sürətlə inkişaf edir.  Qarabağda və Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı onillik üçün hədəflər öz əksini tapıb. Ölkə Prezidenti sözügedən nitqində bu məqama da diqqət çəkdi ki,  bu il  artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirilib.  Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu, yalnız başlanğıcdır. Çünki artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.

Azərbaycan bərpaolunan enerji növlərinin inkişafı istiqamətində atdığı addımları və əldə etdiyi uğurları ilə diqqətdədir. Şuşada keçirilən “Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya da ölkəmizin bu sahədə malik olduğu potensialı bir daha dünyaya nümayiş etdirdi. Aparılan müzakirələrdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində dövlət başçısı İlham Əliyevin  həyata keçirdiyi siyasətdən geniş bəhs olunaraq  azad edilmiş ərazilərin bərpaolunan enerji potensialı və əməkdaşlıq imkanları bir daha diqqətə çatdırıldı. Bu əminlik ifadə edildi ki, Şuşada imzalanan sənədlər “enerji keçidi” prosesinə böyük  töhfə verəcək.

Əlaqələrin yeni istiqamətlər üzrə inkişafı Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan qazandığı uğurlarla kifayətlənmir, daim irəli baxır, perspektivlərin müzakirəsi fonunda yeni layihələrin gündəmə gətirilməsini, səylərin birləşdirilməsi zəruri hesab edir. Əməkdaşlığın regional çərçivədən çıxaraq  beynəlxalq səviyyəyə yüksəlməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.  Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır. Artıq bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrilib. Azərbaycanın bugünkü uğurları, təkmil inkişaf modeli  ulu öndər Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayandığını təsdiqləyir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının son 18 ildən artıq dövrdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsini təmin etməklə yanaşı,  hazırda ölkəmizin həyatında əsas mərhələ olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin öz daxili imkanlarımız hesabına həyata keçirilməsinə yol açır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir.