YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Enerji Həftəsi dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığına verilmiş önəmli töhfədir

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Ölkəmiz cari ilin iyunun 1-dən 4-dək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) brendi altında 3 böyük tədbirə - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgiləri və Bakı Enerji Forumuna uğurla ev sahibliyi etdi. Bu il xüsusi maraqla qarşılanan və yüksək fəallıqla keçirilən sərgilərə və foruma 30 ölkədən ümumilikdə 249 şirkət qatıldı.

Bir çox beynəlxalq və regional tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti dəfə peşəkar təşkilatçılığını və qonaqpərvərliyini bir daha nümayiş etdirdi. Bu cür əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan dünyada müxtəlif sahələrdə beynəlxalq tədbirlərin və yarışların ən peşəkar təşkilatçılarından biri kimi tanınır. Bu baxımdan ölkəmizə etimad yüksəkdir. Xüsusilə iqtisadi, enerji, siyasi, humanitar, mədəni və idman sahələrində təşkil edilən beynəlxalq miqyaslı tədbirlər bu sahələrdə ölkəmizin əldə etdiyi uğurlarla sıx bağlıdır, eyni zamanda bu sahələrin gələcək inkişafına mühüm töhfədir.

İyunun 1-dən 4-dək paytaxtımızda Bakı Enerji Həftəsinin keçirilməsi də bu baxımdan olduqca əhəmiyyətli hadisədir və bu sahənin gələcəkdə də uğurla inkişaf etdirilməsi istiqamətində dünya dövlətlərinin qarşılıqlı birgə əməkdaşlığına verilmiş önəmli stimuldur.

Azərbaycanda ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə Prezident seçilməsindən sonra bütün sahələrdə olduğu kimi enerji təhlükəsizliyinin təmin olunması və inkişafı istiqamətində də mühüm islahatlar həyata keçirilməyə başlanıldı. Bu sahənin inkişafı dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi yer tutur. Bu gün respublikamız bir sıra dövlətlərlə sıx təmaslar və qarşılıqlı əməkdaşlıq əsasında mühüm nailiyyətlərə imza atır. Ölkəmizdə həyata keçirilən enerji siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edən enerji siyasəti artıq dünyanın diqqət mərkəzindədir. Bir sözlə, ölkəmiz müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində iyun ayının 1-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı ölkəmizdə enerji təhlükəsizliyinin və inkişafının əhəmiyyətini önə çəkərək çox mühüm məsələlərə toxundu. Dövlət başçısı Azərbaycanda həyata keçirilən enerji siyasətinin tarixi, qazanılan uğurlar, bir sıra dövlətlərlə əməkdaşlıq əlaqələrindən məmnunluqla danışaraq, bu sahənin inkişafının bu gün də prioritet olduğunu qeyd etdi. Ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlərdən ətraflı bəhs edərək Azərbaycanın birbaşa təşəbbüskarı və icraçısı olduğu layihələrin icra edilməsi nəticəsində dünyanın enerji siyasətinə verilən töhfələri ətraflı vurğuladı. Bir sıra dövlətlərlə uğurlu əlaqələrin bundan sonra da davam etdiriləcəyini və dövlətlərimizin, xalqlarımızın inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı.

Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Bu gün Azərbaycanla Avropa ölkələri arasında qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlıq münasibətləri var. Hətta demək olar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır.

Xəzərin Azərbaycan sahillərindən başlayaraq qonşu Gürcüstan və Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanacaq Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan təkcə kəməri ərazisindən keçən ölkələrlə deyil, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur. Azərbaycanın prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir.

Azərbaycanın reallaşdırdığı digər mühüm bir layihə isə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməridir. Bu kəmərin çəkilməsi ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan neft strategiyasının uğurla nəticəsidir. Bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır. Bu gün Bakı-Tbilisi-Ceyhan infrastrukturu fasilə olmadan fəaliyyətdədir və iqtisadiyyatımızın inkişafına əvəzsiz töhfə verir.

Xüsusilə qeyd etmək lazımdır ki, iyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib. Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Beləliklə, forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan oldu. İnanırıq ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə enerji siyasətini bundan sonra da uğurla davam etdirəcək.

DİGƏR Xəbərlər Arxiv