YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin qoşulduğu bütün enerji layihələri iqtisadi potensialımızı gücləndirir

David İbrahimxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, həmçinin ölkəmizin sahib olduğu enerji potensialından effektiv istifadə olunmasına xidmət edir. Aparılan siyasət Azərbaycanı dünyanın enerji təchizatında strateji əhəmiyyətli ölkəyə çevirib.

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələri cəlb etmək məsələsində Xəzər Neft və Qaz Sərgisi təşkilatçıları çox vacib rol oynayıblar. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub. Məhz ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Ölkə başçısı çıxışı zamanı Cənub Qaz Dəhlizi haqqında danışarkən qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm dövlətimiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Meqa layihə olan Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Hazırda Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı zamanı planların çox böyük hissəsinin artıq icra olunduğu qeyd edilmişdir.

Ölkəmiz üçün elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Hazırda bu istiqamətdə Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Hər iki stansiya gələn il istifadəyə veriləcəkdir və təbii ki, bu, yalnız başlanğıcdır. Bərpaolunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzərin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Həmçinin İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi də yüksək potensiala malik olmasına diqqət çəkdi. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Lakin bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Hazırda Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları vardır. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Eyni zamanda, Azərbaycan digər zəruri infrastruktura da malikdir. Bura dəniz limanı, Azərbaycanı bütün istiqamətlərlə birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları daxildir. Həmçinin azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Artıq onlardan biri istifadəyə verilib və ümumilikdə Azərbaycanda 9 beynəlxalq hava limanını mövcud olacaq.

Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir ki, nəticədə ölkəmizin hərtərfli inkişafı təmin edilmiş olur.