YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bu gün enerji təhlükəsizliyində rolu olduqca mühümdür

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Azərbaycanın bu gün enerji təhlükəsizliyində rolu olduqca mühümdür. Müasir dünyada bu mühüm rola sahib olmaq isə bir qədər mürəkkəb məsələdir və bunun üçün dövlətin düzgün, eyni zamanda düşünülmüş uzunmüddətli strategiyasının olması çox vacibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm aktoruna çevrildi. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində hər zaman maraqlı olub. Məhz ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən  Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Hazırda Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi kəmərlər vasitəsilə Avropa qitəsinə, region ölkələrinə neft və qaz nəql edir. Bu məqamda xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan heç bir zaman neft və qaz amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Bu səbəbdən də hər zaman etibarlı təchizat mənbəyi və tərəfdaş olaraq qəbul edilib. Müasir dünyada Azərbaycan qazına olan tələbat sürətlə artır. Hasilatın artırılması üçün Azərbaycan ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmağa hazırdır. Eyni zamanda, bunun üçün mövcud qurğular genişləndirilməlidir. O da xatırlanmalıdır ki, Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Bu gün Azərbaycan qazına olan tələbat da sürətlə artır. Avropa ölkələrinin qaza olan tələbinin artması və məlum hərbi-siyasi proseslər Azərbaycanın və Xəzər hövzəsinin enerji qaynaqlarını daha da aktuallaşdırır. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində  qeyd etdiyi “Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir” fikri onu göstərir ki, bundan sonra da bu əməkdaşlıq inkişaf edəcək və Avropanın enerji təhlükəsizliyinə öz sanballı töhfəsini verəcəkdir. Şaxələnmiş ixrac marşrutlarının olması, SOCAR və BP-nin starteji tərəfdaşlığı, zəruri infrastrukturun mövcudluğu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırır. Azərbaycan bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan etibarlı tərəfdaşdır. Belə ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir. Azərbaycan hazırda  dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Hər iki stansiya gələn il istifadəyə veriləcəkdir və təbii ki, bu, yalnız başlanğıcdır. İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir.