YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qonşu ölkələr üçün əsas elektrik enerji istehsalçılarından biridir

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi digər ölkələrin diqqətini Azərbaycana cəlb etmək və xarici investorlar tərəfindən ölkəmizdə enerji sahəsinə qoyulan investisiyaların sayının daha da artırılması məqsədini daşıyır.

Son 30 ildə Azərbaycanda yüksək inkişaf edən sahələrdən biri də enerji sahəsidir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə müqavilələrin imzalanması, digər dövlətlərlə əməkdaşlığın yaradılması enerji sektorunun sürətli inkişafına səbəb olmuşdur. Hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni layihələrin icra edilməsi enerji sektorunda fəaliyyətimizin, ölkənin iqtisadi potensialının genişlənməsinə imkan yaradır.

Müstəqil Azərbaycan neft ixracatında ilk fəaliyyətinə ötən əsrin sonlarında Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin işə düşməsi ilə başladı və bir çox ölkənin neft təminatçısına çevrildi. Enerji sektorunun inkişafı üçün atılan növbəti addım tərəfdaşlarımızla birlikdə “Şahdəniz” yatağının kəşfiyyatına başlanması idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi ilə Azərbaycanın enerji sektorundakı payı pik həddə çatmış oldu.

İcra edilən ən önəmli layihələrdən biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu layihənin təmin edilməsi ilə Azərbaycan boru kəmərinin keçdiyi digər dövlətlərlə, digər ölkələrin hökumətləri ilə, beynəlxalq enerji qurumları ilə sıx əlaqələr yaradır. Bu istiqamətdə Avropa Komissiyası ilə də geniş əlaqələrimiz mövcuddur. Komissiya bu layihənin icra edilməsində önəmli rola sahibdir. Azərbaycan enerji sektorunda imzalanmış layihələrin daha sürətli və keyfiyyətli icrası üçün mövcud qurğularını genişləndirir, yeni müasir infrastrukturlar yaradır, innovativ avadanlıqlardan istifadə edir.

Azərbaycanın etibarlı tərəfdaş olması, öz öhdəliklərinə hörmət etməsi, imzalanmış müqavilələrə sadiq qalması digər ölkələrlə və beynəlxalq şirkətlərlə yeni əməkdaşlıqların yaranmasına imkan verir. Bu şirkətlər arasında dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” da var. BP ölkəmizin strateji tərəfdaşı və enerji sektorunda əsas investorlarından biridir.

Azərbaycanda təkcə neft-qaz enerjisinə deyil, alternativ enerji mənbələrinə də xüsusi diqqət ayrılır. Hal-hazırda işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq işləri gedir və elektrik stansiyalarının inşası bu quruculuq işlərinin əsas parçasıdır.

Azərbaycan qonşu ölkələr üçün əsas elektrik enerji istehsalçılarından biridir. Ölkəmiz yüksək infrastruktura sahibdir. Hər il yeni dəmir yolları, avtomobil yolları, hava limanları inşa edilir. Artıq Şərqi Zəngəzur və Qarabağda inşa edilən yeni hava limanları ilə birlikdə ümumi say 9-a çatacaq.