YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış” prosesi fonunda Zəngilan rayonunda infrastruktur layihələrinin mahiyyəti

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu uğurlara nail olmağı bacarıb.

Postmüharibə dövrünün elə ilk günlərindən etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm prioriteti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanması, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Prezident İlham Əliyev qurucu lider olaraq işğaldan azad edilmiş əraziləri addım-addım, qarış-qarış gəzib orada aparılan bərpa və yenidənqurma prosesinə şəxsən rəhbərlik edir. “Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyən Prezident cənab İlham Əliyev Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası sahəsində dünyada nadir nümunə təqdim etməsi üçün də fədakarlıqla çalışır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planı əsasında bütün ərazilərin, şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya üzrə həyata keçirilməsinə başlanmışdır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı qarşıya qoyulan vəzifələri yerinə yetirməkdədir. Dövlətimizin başçısı Qarabağın dirçəldiləcəyini və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyini əminliklə bəyan etmişdir. İşğaldan azad edilmiş ərazilər hazırda böyük bir tikinti meydanıdır, burada inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır. İlk növbədə, həyat təminedici işlər, o cümlədən elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan tarixində qazanılmış ən böyük Zəfər, xalqımızın ən böyük arzu və istəyini gerçəkləşdirmiş möhtəşəm Qələbə regionda yeni reallıqlar yaratmışdır.

Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədə müvafiqliyindən irəli gələn, regionun sürətli inkişafına, iqtisadi vəziyyətinin tarazlaşdırılmasına xidmət edən yeni bölgü bugünkü reallıqları əks etdirməklə böyük tarixi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər Zəngilan rayonunun Ağalı kəndində yaradılmış “Ağıllı kənd” laiyhəsi bölgənin hər tərəfli inkişaf prespektivi cəhətdən çox əhəmiyyətlidir.

Cari ilin  may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qeyd edək ki, İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Prezident İlham Əliyev  tərəfindən qoyulub. Bu açılış mərasimi təkcə Zəngilan rayonunda aparılan təmir-bərpa işlərinin inkişaf etdirilməsi deyil, həm də “Böyük qayıdış” prosesinə start verdi. “Böyük qayıdış” prosesinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, bu proses Azərbaycanın müstəqil iqtisadi potensialının gücü hesabına formalaşır.  Açılış mərasimində bölgənin əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki: “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”.

Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm Cənab Prezidentin söylədiyi nitq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda gələcəkdə görüləcək işlərin mahiyyətinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir. 

Cənab Prezident İlham Əliyev öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Ümummilli Lider Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu. İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.