YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub

Yevlaxda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərdiklərinə görə təltif olunmuş yevlaxlı qazilərə, müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu möhtəşəm qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov da çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan bəhs edib.

Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş qazilər və müharibə iştirakçılarına medallar təqdim olunub.

Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.