YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Zəngilanın gerçəkləşən arzuları

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz düşmən işğalı altında qalan Zəngilan rayonunu da azad etdi. Çox təəssüf ki, 27 illik işğal müddətində düşmən Zəngilanı da viran qoymuş, rayon ərazisində bütün tikililəri, tarixi abidələri, mədəni irsi dağıtmış, meşələri qırıb talamışdır.

Cənab Prezident Zəngilana xüsusi nümayəndəsini təyin edərkən diqqətə çatdırdığı kimi, həqiqətən də Zəngilan rayonunun çox gözəl, füsunkar təbiəti var və ölkəmizin ən gözəl rayonlarından biridir. Çox təəssüf ki, erməni vandalları Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər.

Məlumdur ki, 44 günlük tarixi Zəfərdən dərhal sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilmişdir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir, rayon yenidən qurulur.

Mayın 26-da cənab Prezidentin və Mehriban xanım Əliyevanın Zəngilan rayonuna növbəti səfəri zamanı Zəngilan məscidində aparılan tikinti işlərinin gedişatı ilə tanışlığı göstərdi ki, erməni əsarətindən qurtulmuş və bugün təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması işləri sürətlə davam etdirilir.  

Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri onu deməyə əsas verir ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Artıq hava limanı ilə bağlı perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir.

Eyni zamanda da məlum səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər ki, bu layihənin də əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Sevindirici haldır ki, bu layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib. Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaqdır ki, muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcəkdir.

Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaqdır. Eyni zmanada bu muzeyin inşasında əsas məqsədlərdən biri də məhz gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması və Zəngilanda törədilmiş ekoloji terroru beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaqdır ki, bu hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaqdır.

Zəngilan rayonunda həyata keçirilən əsas layihələrdən biri də məhz Zəngilan şəhərinin Baş planıdır ki, artıq bununla da bağlı böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə qısa müddətdə ərzində Zəngilan şəhərinin beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanına çevirəcəkdir.

Baş planının konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir ki, bu da gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcəkdir.   

Ümumilikdə bu layihədə nəzərdə tutulmuş “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi işğaldan azad olunmuş Zəngilanın gerçəkləşən arzularıdır ki, bu da Zəngilanın yaşayış üçün əlverişliliyinin artırılması, nəqliyyat sisteminin ekoloji təmiz, müasir və davamlı olması fonunda, həm də iqtisadiyyatın inkişafı baxımından Zəngilanı region səviyyəsində nümunəvi şəhərə çevirəcəkdir.