YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müstəqillik Günü Serbiyada qeyd edilib

Azərbaycanın Serbiyadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul təşkil edib.

Tədbirdə Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin baş katibi Nemanya Staroviç, Baş nazirin müavini, müdafiə naziri Neboyşa Stefaniviç, əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç, nəqliyyat və infrastruktur naziri Tomislav Momiroviç, iqtisadiyyat naziri xanım Ancelka Atanaskoviç, Serbiya parlamentində fəaliyyət göstərən, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Katarina Rakiç, digər yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Hər iki ölkənin Dövlət himni səsləndikdən sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Müstəqillik Gününün ölkəmizin dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək 104 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında, ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb.

K.Xasiyev son üç onillikdə Azərbaycanda həyatın bütün sahələrində böyük irəliləyişin olduğunu, insan hüquqlarına və qanunun aliliyinə hörmət əsasında demokratik cəmiyyət qurulduğunu, dünyanın ən sürətlə inkişaf edən bazar iqtisadiyyatlarından birini inkişaf etdirərək iqtisadi tərəqqi əldə olunduğunu və Azərbaycan xalqının həyat səviyyəsinin keyfiyyətcə yüksəldiyini qeyd edib. Səfir Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini və nəhayət Ermənistanın 27 il ərzində məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Hərbi münaqişənin başa çatmasının Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirib.

Bu gün Serbiya Respublikasının Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və tərəfdaşlarından biri olduğunu qeyd edən səfir Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin 2021-ci ilin iyul ayında Azərbaycana uğurlu səfəri və Birgə İqtisadi Komissiyanın iclasının ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi sahədə daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirib. Diplomat ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsini səbirsizliklə gözlədiyini və bunun xalqlarımız arasında turizmi və birbaşa əlaqələri gücləndirəcəyini söyləyib. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan bəhs edən K.Xasiyev ötən ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Serbiyanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının zirvə toplantısı səviyyəsində uğurlu yubiley görüşünü xatırladıb.

Səfir bundan sonra da bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə bu əlaqələrin böyük potensialından iki dost xalqımızın mənafelərinə uyğun olaraq istifadə edilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra Belqrad Universitetində Azərbaycan dilini öyrənən tələbələr tərəfindən Səməd Vurğunun “Azərbaycan” şeri səsləndirilib.

Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.