YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Litva münasibətləri zirvəyə doğru

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib.

Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğal olunması faktının tanınması və Dağlıq Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verdiyi kimi, Litva Respublikası da Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Belə ki, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Litva Respublikasının Prezidenti Gitanas Nauseda başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər.

Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Məlum olduğu kimi, Azərbaycan-Litva biznes forumu keçirilib. Hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb.

Tədbirdə həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var.