YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Litva münasibətləri inkişafın zirvəsinə doğru irəliləyir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Prezidentinin Litvaya 2022-ci ildəki səfəri Azərbaycan-Litva münasibətlərinin yüksələn xəttlə inkişafına mühüm perspektivlər açdı. Geniş tərkibdə keçirilən görüşdə hər iki dövlət başçısının söylədiyi fikirlər xalqlarımızın həyatında öz real həllini tapıb və bu istiqamətdə işlər davam etməkdədir. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan-Litva münasibətləri, həqiqətən də, inkişafın zirvəsinə doğru irəliləyir. Ölkələrimiz arasında rəsmi qaydada qurulmuş yüksək əlaqələr isti, mehriban və dostluq münasibətlərinin yaranmasına da zəmin yaratmışdır desək, yanılmarıq. Xüsusilə qeyd edilməlidir ki, Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb. Eyni zamanda 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidenti birgə ölkələrimizin tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edən Bəyannamə, Saziş və onlarla müqavilələr imzalamışdır. 18 may tarixində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məsələlərə toxunaraq qeyd etdi ki, “Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir”. Bəli, səsləndirilən fikirlər Azərbaycan-Litva münasibətlərinin yüksələn xəttlə inkişafına bariz nümunədir.

Bununla yanaşı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşmanın olmasını qeyd edən cənab Prezident həmin istiqamətdə  Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarlıq hissini ifadə etdi ki, bu da məhz Azərbaycanın xarici siyasətdə hər zaman düzgün və məqsədyönlü addımlar atmasını bir daha göstərmiş oldu. Təsadüfi deyil ki, Litva Prezidentinin dövlətimizin başçısına mehriban dostluq münasibətlərinə görə təşəkkür edib, Azərbaycandan idxalın bir neçə dəfə artdığına şahid olması, ancaq əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil və istənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir deyə fikir bildirməsi ölkəmizin sosial-iqtisadi cəhətdən güclü bir dövlət olmasına əsas verir. Həmçinin Litva Prezidenti ticarət əlaqələrimizin hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyinin vacibliyindən danışdı. Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar qüdrətli dövlətimizlə Avropa ölkələrinin yüksək səviyyədə tərəfdaşlıq münasibətləri qurmaq istəyindən xəbər verir. Mayın 18-də Azərbaycan-Litva biznes-forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Təbii ki, Sazişin əsas məqsədi hər iki ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən ibarətdir. Bundan əlavə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub.

Prezident cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.