YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında Milli Məclisin sədr müavini tələbələr və fəal gənclərlə görüşüb

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və eləcə də Yasamal rayonunun fəal gəncləri ilə görüşüb.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında keçirilən tədbirdən əvvəl Adil Əliyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzüblər.

Sonra Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

“Dövlət gənclər siyasəti” mövzusuna həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin sədr müavini Adil Əliyev ölkəmizdə gənclərə və gənclər siyasətinə böyük önəm verildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Ulu Öndərin müvafiq sərəncamı ilə Şərqi Avropada və MDB ölkələrində ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 25 il ərzində Azərbaycanda gənclər sahəsində kompleks dövlət siyasəti hazırlanaraq həyata keçirilib.

A.Əliyev gənclərə keyfiyyətli təhsilin verilməsi, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə edilməsi məsələsinin ölkəmizdə bu sahədə aparılan siyasətin əsas hədəflərindən olduğunu qeyd edib. O, bu məqsədlə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Gənclər siyasətinin Vətən müharibəsi dövründə də öz uğurlu nəticəsini verdiyini bildirən Milli Məclis sədrinin müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu, gənclərin istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdiyini qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclər siyasətinin dövlətimiz üçün prioritet təşkil edən sahələrdən biri olduğunu və bu siyasətin yüksələn xətlə davam etdiyini bildirib. B.Nəbiyev YAP-ın da dövlətin həyata keçirdiyi bütün genişmiqyaslı işlərdə olduğu kimi, bu sahəyə də yüksək diqqət ayırdığını, mütəmadi olaraq gənclərlə görüşlərin təşkil edildiyini və gəncləri maraqlandıran məsələlərin qarşılıqlı müzakirəsinin gənclər siyasətinə mühüm töhfə verdiyini qeyd edib.

Sonra görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, onlara təhsil və karyera həyatı barədə tövsiyələr verilib.

Tədbirdə fəal gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin fəxri fərmanı və hədiyyələri təqdim edilib.