YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Mayın 10-da ölkə ictimaiyyəti xilaskarlıq missiyası ilə Tanrı  və zaman tərəfindən Azərbaycan xalqının taleyinə yazılmış nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü böyük qürur və ruh yüksəkliyi ilə qeyd edəcək.

Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın. Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır.

Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olub. Eyni zamanda xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması da ulu öndərin adı ilə bağlıdır.

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır.Ümummilli lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən biri də Azərbaycan dilinə dövlət statusu verilməsi və ana dilinin inkişaf etdirilməsi sahəsində olmuşdur. Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı.

Ulu Öndərin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummili Lider Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.