YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Tarix sürətlə irəliləyir. Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Müstəqil Azərbaycan dövlətinin, cəmiyyətinin keçdiyi ötən vaxt və zaman kəsiyində 1993-cü il iyunun 15-dən - Qayıdış günündən başlanan, bu gün də davam edən, gələcəkdə də davam edəcək bir Heydər Əliyev mərhələsi var ki, onu sadəcə unutmaq mümkün deyil.  

Deyirlər ki, ölkələr də insanlar kimidir. Tale bəzən onları sevinc və səadətdən məhrum edir, sərt sınaqlara çəkir. Ölkələr məzlum vəziyyətə düşür, xalqlar məhvedici parçalanma mərhələsinə daxil olur, hansı səmtə gedəcəyini bilmir.   

1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, qarmaqarışıqlıq və hərc-mərclik baş alıb gedirdi. Adama elə gəlirdi ki, bu ümumi fəlakətdən ölkənin düşdüyü çox ağır vəziyyətdən çıxış yolu yoxdur. Ancaq Heydər Əliyev heyrətamiz iradə və məqsədyönlülüklə ölkəni bu şəksiz fəlakətdən xilas etməyə girişdi. O, belə bir sadə və eyni zamanda böyük həqiqəti rəhbər tuturdu: nə qədər ki, insanlar özlərinin həyatı və yaşamaq hüququ uğrunda, müstəqillik və milli dövlətçilik uğrunda mübarizə aparmağa qadirdirlər, onlar üçün nə ictimai əmin-amanlığın və barışığın bərqərar olmasında, nə də yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yollarının tapılmasında dəfedilməz maneələr yoxdur və ola da bilməz.  

Azərbaycan vətəndaşları bu taleyüklü dövrdə də Heydər Əliyevin sadiq müttəfiqləri oldular, ilk növbədə özlərinə hörməti bərpa etmək üçün bütün iradəsini və həyat enerjisini səfərbər edə bildilər. Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, xalq sanki ümidsiz olan bir vəziyyətdə perspektivləri gördü, onda öz gələcəyinə inam oyandı. Ölkə dərin ictimai, siyasi və iqtisadi böhranı aradan qaldıra bildi. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Məhz onun dövründə ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.

Heydər Əliyevin şəxsi nümunəsi bizim hamımızı, onun həmvətənlərini ruhlandırır və qurub-yaratmağa həvəsləndirdi. O, Azərbaycana otuz ildən çox rəhbərlik edərək, sözü və əməli ilə yeni gerçəklik yaratdı. Azərbaycan üçün dünyaya yol açdı, onu ən sivilizasiyalı və çiçəklənən ölkələrdən birinə çevirməyə çalışırdı.   

Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi isə olduqca zəngin və əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox düşür, vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi qəbul edirlər.

Dünya şöhrətli alim İhsan Doğramacı Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən demişdir: "Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. O, ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır".

Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir.   

Azərbaycan tarixinin 1969-cu ildən bəri bütün dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı üçüncü minilliyə də məhz Heydər Əliyevin adı ilə qədəm qoymuşdur.

Heydər Əliyev ömrünü xalq yolunda şam kimi əritmiş, Tanrının ona ərməğan etdiyi fitri istedadı, bilik və bacarığı bütünlüklə millətinə həsr etmiş bir şəxsiyyətdir. Heydər Əliyev 1993-cü ildə - xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdarkən: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - dedi. Bu, adi siyasətçi vədi, siyasətçi manevri, yaxud siyasi dividendə hesablanmış kəlmə deyildi. Əslində, Heydər Əliyevin heç buna ehtiyacı da yox idi. Çünki 1969-1982-ci illərdə respublikaya ilk rəhbərliyi dövründə Heydər Əliyev onsuz da böyük bir tarix yazmış, geridə qalmış, günügündən tənəzzülə uğrayan Azərbaycanın problemlərini öz çiyinlərinə almış, respublikanın sosial-iqtisadi, mədəni sferalarında sürətli yüksəlişə nail olmuş, Azərbaycanı çiçəklənən bir diyara çevirmişdi.

Ümummilli liderimiz haqqında söz demək, onun ürəklərdə tam formalaşmış bitkin portretinə yeni cizgilər əlavə etmək, əlbəttə, çox məsuliyyətli və çətin bir işdir. Amma, eyni zamanda Heydər Əliyev elə bir şəxsiyyətdir ki, zaman ötdükcə, illər keçdikcə onun miras qoyub getdiyi siyasi xətt öz həyatiliyini sübut etdikcə, mütləq və mütləq əlavə sözə və Heydər Əliyev obrazına əlavə cizgilərə ehtiyac yaranır. Hər ötən gün böyük öndəri bizə daha da yaxınlaşdırır, onu bizə qovuşdurur və Heydər Əliyevin əbədiyaşar bir şəxsiyyət olduğunu, bu cür insanların məhz əbədiyyət qanunları fövqündə durduğunu hamıya və hər kəsə anladır.

Heydər Əliyev siyasi kursu Azərbaycanda daim davam edəcək və dahi liderimizin müəllifi olduğu milli inkişaf strategiyası cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlərlə müşayiət olunacaq.   

Heydər Əliyevin xatirəsi isə, əslində, Azərbaycanın qazandığı nailiyyətlərdə və ölkəmizin davamlı tərəqqisində əbədiləşib. Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi xatırlanacaq!

Çünki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır.