YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Prezident cənab İlham Əliyev çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Cənab İlham Əliyevin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Prezident Ermənistanın işğal, qanunsuz məskunlaşdırma, coğrafi adları dəyişdirmə və etnik təmizləmə siyasətinin əsil vandal mahiyyətini xarici düşüncə adamlarına böyük məharətlə çatdıra bildi.

Ermənistanı bundan sonra hansısa böyük qüvvələr aşkar müdafiə etsələr belə, onların Qafqazda dinc şəkildə yaşamaqdan başqa çıxış yolları qalmayıb. Ermənistanın hazırkı rəhbərliyi xalqının böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçılıq siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır.

Cənab İlham Əliyev konfransda bir daha vurğuladı ki, dinc yaşamaq üçün böyük sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən  rəsmi şəkildə tanınmalıdır.
“Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir. Mən şəxsən bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edirəm. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular. Buna qədər sükut hökm sürürdü. Bizim ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verilirdi. Sərhədlərin delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu təklif də bir ildən artıq Ermənistan tərəfindən cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna razılıq verdilər və deyə bilərəm ki, çox tezliklə birgə işçi qrupları görüşəcəklər”. Cənab İlham Əliyevin  səsləndirdiyi bu fikirlər Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq üçün real addımlar atdığını bir daha göstərir.

Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbr nümayiş etdirdi. Əlbəttə, bu, strateji yanaşma, siyasi şəraitin formalaşdırılması idi. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları qəbul edib. Ortada bütün narazı tərəflərin bilməli olduğu sadə bir gerçək var: Qarabağ müharibəsinin həlli ilə bütün dövlət sərhədlərinə sülh gəlib. Hər kəs etiraf etməlidir ki, Azərbaycan siyasi əməkdaşlığa həmişə açıq, öz qonşuları ilə yaxşı dostluq, sabitlik, firəvanlıq içərisində yaşamağı hədəf seçmiş sülhpərvər ölkədir.

Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində atılmış addımlar sırasında qardaş Türkiyə dövləti ilə imzalanmış  Şuşa Bəyannaməsininin müstəsna əhəmiyyəti var. Qeyd edim ki, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Həmçinin Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən qəbulu Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır.

Cənab İlham Əliyevin konfransdakı çıxışı bir daha təsdiq edir ki, Azərbaycan mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir.