YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin təzahürləri hər qarış azad edilmiş torpaqlarımızda öz əksini tapır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün ərazilərimizdə  barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb, yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Prezident cənab İlham Əliyev hər dəfə dünyanın nüfuzlu siyasətçiləri ilə görüşdə diqqəti erməni vandalizminə yönəltməklə işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrin demək olar ki, hamısının acınacaqlı vəziyyətdə olmasını önə çəkir. Etdikləri vandallıq Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Bu vandalizm faktı təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hələ də müəyyən dövlətlər erməni yalanlarına inanır, onların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən, çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvlərinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər etdiklərini, erməni vandalları tərəfindən törədilən vəhşiliklərin şahidi olduqlarını xatırladaraq deyib: “İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir.

Dövlətimizin başçısı çıxışının sonunda hazırda düşməndən təmizlənən ərazilərdə minatəmizləmə prosesinin aparıldığını, bununla paralel yenidənqurma işlərinə başlanıldığını, şəhər və kəndlərin baş planlarının hazırlandığını vurğulayıb, eyni zamanda, İslam dünyası nümayəndələrinin Azərbaycana gəlib işğalçının tarixi irsimizə qarşı vəhşiliyin şahidi olmaları və yenidənqurma prosesini izləmələri ilə bağlı istəyini də diqqətə çatdırıb.

Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Qarabağ bölgəsi və ətraf rayonlarda ən çox dağıdılan mədəni irs nümunələri sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkir. Dünya ictimaiyyəti qəbul etməlidir ki, xüsusi əhəmiyyətə malik unikal abidələrə düşmənin bu cür barbar münasibəti tək Azərbaycana deyil, dünya irsinə qarşı yönələn təhdiddir. Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə dağıdılan tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Mədəniyyət Nazirliyi işğaldan azad olunan rayonlarda monitorinq aparıb və baxış keçirilən 49 obyektdən 28-nin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının qaldığı aşkar edilib.

Ekspertlər bildirirlər ki, indiyədək dünyada müharibə və ya qeyri-müharibə şəraitində dini abidələrin təhqir olunmasına, məqsədli şəkildə dağıdılmasına nadir hallarda rast gəlinib və bu cür erməni barbarlığı artıq bütün dünyada ciddi əks-səda doğurub. İnanırıq ki, xarici siyasəti, diplomatik bacarığı ilə Prezident İlham Əliyev tarixi, dini abidələrimizə qarşı vandallıq edən ermənilərin əsl simasını bütün dünyaya göstərəcək.

DİGƏR Xəbərlər Arxiv