YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Şuşada “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir. Həm bu minvalla Azərbaycanın tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, həm də Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir. Xatırladaq ki, bu tədbirin Şuşada keçirilməsi təşəbbüsü keçən il keçirilən eyni adlı tədbirdə təklif edilib və Prezident İlham Əliyev tərəfindən dəstəklənib. Forumda dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə yaxından maraqlanan xarici ekspertlərinin iştirakı tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Azərbaycan Prezidenti cənab  İlham Əliyev 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edərək öz çıxışı və iştirakçıların suallarını cavablandırmaqla Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu.  Cənab Prezident İlham Əliyev bundan əvvəl də dəfələrlə media və beyin mərkəzlərinin  nümayəndələri ilə görüşlər keçirərək onları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırmaqla  Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

30 il işğala məruz qalmasına baxmayaraq Azərbaycan hər zaman regionda sülh və təhlükəsizliyin tərəfdarı olub. İşğal müddətində münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olması və münaqişə bitdikdən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etməsi Azərbaycanın hər zaman sülhdə maraqlı olmasının göstəriciləridir. Azərbaycan Prezidentinin xalqımızın milli maraqları naminə həyata keçirdiyi qətiyyətli siyasət və diplomatik bacarığı sayəsində Ermənistan yeni reallıqları qəbul etmək məcburiyyətində qalmışdır. Ölkəmizin irəli sürdüyü 5 təməl prinsipinin  Ermənistan tərəfindən qəbul edilməsi bu ölkə ilə imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək ki, bu da Azərbaycanın tarixi diplomatik qələbəsidir.

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlar toqquşmasına tuş gəlib. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı.

Sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti də bir nəticə verməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilməyib. Azərbaycan münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirdi. Əlbəttə, bu, strateji yanaşma, siyasi şəraitin formalaşdırılması idi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır.

İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir.

Ötən il təşkil olunan tədbirdən keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.

Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.

Bu forum 2021-ci ilin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın məntiqi davamıdır. Qeyd edək ki, həmin beynəlxalq konfransda Prezident İlham Əliyev də iştirak edib və postmünaqişə reallığı ilə bağlı mühüm mesajlar vermişdi.

Şuşa Beynəlxalq Forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır. Kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməlinin əsasında Azərbaycanın Ermənistanla münasibətlərinə dair formalaşdırdığı sülh gündəliyi dayanır. Təbiidir ki, belə əlaqələrin qurulmasının mövcud reallıqların dünyada dərk edilməsi baxımından ciddi əhəmiyyəti var. Konfrans iştirakçıları bu reallıqlarla əyani tanış olandan sonra bütün təsir imkanlarını Ermənistanın konstruktiv mövqeyə gəlməsinə yönəldə bilərlər. Bir sözlə, bu tədbir  regionun gələcək inkişafına, uzunmüddətli sülhə xüsusi töhfədir.