YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Zəfər qurultayı şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi

“Torpaqlarımızın düşmən işğalından qurtarılmasından qısa müddət keçməsinə baxmayaraq artıq işğaldan azad edilmiş torpaqlarda zəhmətimizin bəhrəsini görməyə başlamışıq. Bunları görmək isə hər birimizin qəlbinin qürurla, fərəhlə döyünməsinə səbəb olur. Şübhəsiz ki, Qarabağdan danışarkən ilk növbədə gözlərimizin önündə Azərbaycan mədəniyyətinin incisi olan Şuşa canlanır. Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır. Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir. 8 Noyabr 2020-ci ildə Şuşanı işğaldan azad etməklə biz mədəniyyətimizi, mirasımızı, vəsiyyətimizi, məbədimizi, tariximizi, ruhumuzu qaytardıq. Və bu gün artıq Şuşada bir sıra infrastruktur layihələri gerçəkləşdirilir, festivallar baş tutur, qurultaylar keçirilir. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi hadisədir. Bununla şəhidlərimizin əziz xatirəsinə bir daha ən yüksək səviyyədə ehtiram göstərildi. Dünyanın 65 ölkəsindən 400-dən artıq soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı  bütün dünyaya qalib Azərbaycan xalqının həmrəyliyini bir daha göstərmiş oldu. 29 illik fasilədən sonra Şuşa soydaşlarımızı yenidən qarşıladı. Şuşanın, Qarabağın əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya ələlxüsus da tarixi torpaqlarımızı illərdir ki, özününküləşdirməyə çalışan ermənilərə göstərdi. Zəfər qurultayında Prezident İlham Əliyev Ermənistana sonuncu dəfə şans verərək ciddi mesaj da ünvanladı: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Onun sözlərinə görə, bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Onun sözlərinə görə, Müzəffər Ali Baş  Komandan məhz buna görə də budəfəki toplantını Zəfər qurultayı adlandırdı: “Cənab İlham Əliyevin qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi əbədi yaşayacağı, dövlətimizin qalib dövlət kimi sonsuzadək var olacağının mesajını verdilər: "Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər". Zəfər qurultayı yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün həm də yol xəritəsi oldu. Qeyd etməliyik ki, Vətən müharibəsi başlayarkən xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor üzvləri mütəşəkkil şəkildə birləşərək erməni barbarlığını, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdilər. Prezident isə onlara həm də postmünaqişə dövrünün reallıqları fonunda görüləcək işlərin yol xəritəsi və yeni vəzifələri müəyyənləşdirdi”.