YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

 Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir. Müstəqilliyin əldə edilməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirilməsi, bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəy olduğumuzu bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün birlikdə çalışaq. Hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Ulu öndər Heydər Əliyev tərəfindən Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul edilmişdir. Həmin vaxtdan bu gün böyük bayram kimi qeyd edilir. Məhz həmin dövrdən etibarən dünyada yaşayan azərbaycanlıların qarşılıqlı əlaqələri tədricən inkişaf etməyə başlamışdır. Bütün bunlar Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir. Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş və onu zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I, II, III Qurultayları xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma proseslərini yüksək mərhələyə çatdırmışdır. 2016-cı ilin iyununda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Qurultayda Ali Baş Komandan cənab İlham Əliyev proqram xarakterli dərin məzmunlu çıxış etmiş, I Qurultaydan keçən dövr ərzində diaspor nümayəndələri qarşısında qoyulan tələblərin həyata keçirilməsi üçün kifayət qədər uğurlu işlərin görüldüyünü vurğulamışdır. Bu günlərdə isə Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Cənab İlham Əliyev bu Qurultayda çıxışı zamanı bildirmişdir ki, "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır." Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi müharibədən sonrakı reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir.

Dünya Azərbaycanlılarının əvvəlki qurultaylarında çıxışı zamanı dönə-dönə işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun tarixi torpaqlarımızı azad edəcəyini bildirən dövlətimizin başçısı vədinə sadiq Prezident kimi bu gün Zəfər Qalasında qalib ölkənin Baş Sərkərdəsi kimi dünya azərbaycanlılarının önündə idi. Bu, həm də onu bildirirdi ki, xalqımızın və rəhbərimizin böyüklüyü qarşısında heç kim duruş gətirə bilməz. Çünki biz haqlı tərəfik, siyasətimiz ədalət prinsipləri üzərində qurulub. Bizim tarixi Qələbəmizdə dünya azərbaycanlılarının təsiri də əvəzsiz oldu. Xarici diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması istiqamətdə əvəzsiz xidmətlər göstərərək, Vətənə bağlılıqlarını nümayiş etdirdilər.

Dövlətimizin başçısı çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılıqlarının vacibliyini bildirərək, qeyd etdi ki, onlar ilk növbədə, Azərbaycan dilini bilməli və yaşatmalıdırlar. Belə bir amilin əsas olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun birləşmə prosesi üçün daha effektli olacağını da xatırlatdı.

Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda, Azərbaycan xalqının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünü göstərmiş oldu.

DİGƏR Xəbərlər Arxiv