YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artis Pabriks: Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın əsas strateji tərəfdaşıdır

Aprelin 27-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, səfər çərçivəsində keçirilmiş görüşlərin və aparılan müzakirələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan və Latviyanın dost ölkələr olduqlarını deyən Milli Məclisin sədri yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. Bu baxımdan, Prezident İlham Əliyevin Latviyaya səfərləri, həmçinin Latviya prezidentlərinin ölkəmizə səfərləri zamanı imzalanmış sənədlər mühüm əhəmiyyətə malikdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı barədə də fikirlərini bölüşən Milli Məclisin sədri Latviyanın Avropa İttifaqının üzvü kimi fəaliyyətini qeyd edib. Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğu bildirilib. Azərbaycan Avropa İttifaqı ilə yeni sazişin imzalanması üzrə danışıqların son mərhələsindədir. Ölkəmiz Avropa İttifaqının bir sıra üzvləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb.

Ölkələrimizin parlamentlərarası münasibətlərinə toxunan S.Qafarova iki ay əvvəl Latviyaya səfəri çərçivəsində Latviya Seyminin sədri İnara Murnietse və ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri xatırladıb. Azərbaycanın müstəqil xarici siyasət həyata keçirən ölkə olduğunu qeyd edən Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərdə mühüm yer tutduğunu qeyd edib. Bildirilib ki, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlıqda qarşılıqlı səfərlərin, həmçinin parlament dostluq qruplarının xüsusi rolu var.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışan Sahibə Qafarova bildirib: “Bu gün Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq mövcud deyil və regionda yeni reallıq yaranıb. Aprelin 6-da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə müzakirə edilib. Bu görüşün nəticələri göstərir ki, Ermənistan Azərbaycanın münasibətlərin normallaşdırılmasına dair təkliflərini qəbul edir. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməli və bu istiqamətdə əməli addımlar atmalıdır. Biz müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyirik.

Görüş üçün yaradılan imkana görə təşəkkürünü bildirən Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Azərbaycanın Latviya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və Azərbaycanın öz ərazilərini azad etməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın əsas strateji tərəfdaşıdır.

Qonaq ticarət, investisiya, təmiz enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin minalardan təmizlənməsi, iki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. Nazir Latviya-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərin özünəməxsus rolunu qeyd edib.

Artis Pabriks bildirib ki, Latviya Cənubi Qafqaz ölkələrinin sülh və sabitlik şəraitində yaşamasının tərəfdarıdır. O, ölkəsinin bundan sonra da beynəlxalq təşkilatlarda Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri və NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov və digər rəsmi şəxslər iştirak ediblər.