YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər adı xalqımıza çox yaraşır

Arif  Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Prezident İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında - Zəfər Qurultayında çıxışı zamanı çox mühüm məsələlərə toxundu, vacib mesajlar verdi. Dövlət başçısı 44 günlük müharibədə möhtəşəm tarixi Qələbənin qazanılmasından, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsindən  və Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərməsindən, Azərbaycanın ləyaqətli və XXI əsrin müharibəsini aparmasından, Şuşanın dirçəldilməsindən, Zəfər Qurultayının mənəvi-siyasi əhəmiyyətindən, rəmzi mənasından və digər bir sıra mühüm məsələlərdən bəhs etdi.

65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb olunur. Ona görə də Zəfər qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır.

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.

Digər tərəfdən isə bu mötəbər tədbirin Şuşa şəhərində keçirilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər əlbəttə ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.

Bu gün Zəfər qurultayının nümayəndələri Şuşaya “Zəfər yolu” ilə gəliblər. Bu yol ilə irəlilədikcə, insanlar ziddiyyətli mənzərələrə şahid olurdular. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısız seyr etmək mümkün deyil, digər tərəfdən yenidən yaradılan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur. Bu gün Azərbaycan Qarabağda dünya şəhərsalma təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir. Bu onun göstəricisidir ki Qarabağ Azərbaycan xalqının dədə-baba yurdudur. 30 il ərzində “Qarabağ bizimdir” deyib hayqıran ermənilər burada ancaq vandalizmlə məşğul olmuşlar. Bu gün isə artıq Azərbaycan xalqı bu torpaqlarının əsil sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş eydirir və bir daha özünün yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalq olduğunu hər kəsə sübut edir.

İndi Azərbaycan Zəfər marşındadır! İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır - üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin qarşısında yeni perspektivlər açılır!