YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət katibinin köməkçisinin müavini regionda mövcud olan vəziyyət barədə məlumatlandırılıb

Aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib. Görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov postmünaqişə mərhələsində iki ölkə arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib-hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi və Azərbaycanın öz növbəsində qeyd olunan bütün istiqamətlər üzrə irəliləməyə hazır olduğu vurğulanıb.

Görüşdə, həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.