YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın xarici siyasətindən bəhs edərkən qeyd etmişdir ki, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

“Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.