YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qırğızıstanla siyasi, iqtisadi və mədəni əlaqələrini sürətlə artırır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın arzu və istəyi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev daxili və xarici siyasətdə uzaqgörən, düşünülmüş, olduqca uğurlu addımlar atmağa başladı.

Türk xalqlarının söz sənətinə hələ o zamanlarda böyük diqqət yetirən əbədiyaşar liderimiz Heydər Əliyev sonrakı mərhələlərdə də bu tendensiyanı davam etdirmişdir. Müstəqil Azərbaycanın Prezidenti kimi onun humanitar sahədə həyata keçirdiyi çoxsaylı tədbirlər sırasında türk xalqlarının ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək mühüm yer tutmuşdur. Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini “bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisə” sayan ulu öndər  qırğız xalqının məşhur “Manas” eposuna da yüksək qiymət vermişdir. Belə ki, “Manas”ın 1000 illik yubileyi ilə əlaqədar Bişkekdə 28 avqust 1995-ci il tarixdə keçirilən təntənəli yubiley tədbirində çıxış edən Heydər Əliyev bu monumental dastanın mahiyyəti, ideyası, ədəbi-mədəni dəyəri, dünya sivilizasiyasında yeri barədə sanballı fikirlər söyləmişdir: “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük mənəvi sərvətidir”.

 Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu uğurlu xarici siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən də uğurla aparılmaqdadır. Xarici siyasətimizdə son illərdə Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Ulu öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib və bu gün də bu münasibətlər yüksələn xətlə inkişaf edir.

Məlum olduğu kimi 19 aprel 2022-ci il tarixdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan dost və qardaş ölkə ilə olduqca mühüm  sənədlər imzalanıb. Sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Beynəlxalq münasibətlərdə tərəflər arasında nəzərdə tutulan strateji əməkdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün situasiyalarda tərəflər arasında sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxış və tərəflərin mövcud olduğu və həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi sayılan bu əməkdaşlıq çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir o cümlədən, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında fəallıq göstərir və bir-birini dəstəkləyir.

Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.