YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə çəkilən müasir yol-nəqliyyat infrastrukturu böyük əhəmiyyət daşıyır

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Bu gün öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Qarşısında parlaq perspektivlər açılan ölkəmiz Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası sayəsində regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib, yeni nailiyyətlər əldə edərək, qüdrətini daha da artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizin beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha diqqət yetirilib.

“Gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir”. Ölkə Prezidenti cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi bu fikirlər hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin real həyatda öz əksini tapdığının təsdiqidir. Dövlət başçısı müşavirədə qeyd etdi ki, “Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”. Bir daha bəlli olur ki, Azərbaycan uğurlu inkişafını davam etdirir, ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir.

Müşavirədə son bir ilin iqtisadi və siyasi mənzərəsinə diqqət yetirildi. Bəli, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il oldu. Hər bir ölkənin hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadi inkişafdır. Ölkəmizin ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilər deməyə əsas verir ki, müstəqil Azərbaycan 2022-ci ili də uğurla başa vuracaq. Belə ki, bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən xəbər verir.

Dövlət başçısı cənab İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasına, nəqliyyat infrastrukturunun yenilənməsinə, bərpasına, xüsusi ilə diqqət çəkdi. İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır.

Müşavirədə bu il böyük turizm potensialı olan Naftalandan Talış kəndinə qədər yolların tam istismara verilməsinə diqqət çəkildi. Bu yol, eyni zamanda, artıq beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanı Suqovuşanla birləşdirəcək. Beləliklə, Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla getmək mümkün olacaq. Naftalandan Talış kəndinə çəkilən yol eyni zamanda Suqovuşanda turizm imkanlarının inkişafına öz töhfəsini verəcək.

Hazırda Bərdə-Ağdam, Kəlbəcər-Laçın, Cəbrayıl-Hadrut avtomobil yolu, Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir, Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli, Kəlbəcər-İstisu avtomobil yolları çəkilir. Sevindirici haldır ki, Toğana-Kəlbəcər avtomobil yolu və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq.

Bu gün hər bir Azərbaycan vətəndaşı çox qürurludur. Cünki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük sürətlə bərpa və yenidənqurma işləri aparılır, ən yüksək standartlar səviyyəsində regionun gələcəyi qurulur. Böyük Qayıdışın tezliklə reallığa çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturu qurulacaq, öz dədə-baba yurdlarına qayıdan soydaşlarımız bu torpaqlarda əbədi yaşayacaqlar.