YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənnətə çevrilən Qarabağa qayıdırıq

Rafiq Əliyev

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirədə ölkəmizdə cari ilin birinci rübünün yekunları müzakirə olunub. Cari ilin 3 ayı ərzində görülən işləri ötən ilin uğurlarımızın davamı kimi dəyərləndirən və təhlil edən, ilin sonuna kimi nəzərdə tutulan böyük işlərdən danışan cənab Prezident ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Ölkəmizin iqtisadi göstəricilərinə nəzər yetirən dövlətimizin başçısı çıxışında 2022-ci ilin birinci rübündə ümumi daxili məhsulun 6.8 faiz, qeyri neft iqtisadiyyatımızın 10 faizdən çox, sənaye istehsalı sahəsində 4 faiz, qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım olduğunu qeyd edibdir. Qeyri-neft ixracımızın 45 faiz artması, xarici borcumuzun 600 milyon dollardan çox bir səviyyədə aşağı düşməsi, xarici ticarətdə müsbət saldonun 3 ay ərzində 5 milyarddan çox olması ölkəmizin iqtisadi göstəricilərinin yüksəlişinin bariz nümunəsidir. Azərbaycana üç ayda 5.1 milyard dollar gəlməsi onu göstərir ki, ixrac idxalı üstələyib. Sevindirici haldır ki, əldə edilmiş nailiyyətlər Azərbaycanın daxili  gücünün hesabına əldə olunmuş, vergi orqanları 3 ayda proqnozdan əlavə 500 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 200 milyon manatdan çox vergi toplanıb.

Sosial qayğıya ehtiyacı olan insanlara qayğı, xüsusilə şəhid ailələri, müharibə əlliləri üçün evlərin və mənzillərin tikintisi istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra dövlət başçımızın daima diqqət mərkəzindədir və bu istiqamətdə 2021-ci ildə, bu ilin 3 ayı ərzində də önəmli işlər görülübdür.

Quruculuq işlərində diqqət yetirilməsini çıxışlarında hər zaman Böyük Qayıdışın prioritet istiqaməti olduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin sürətləndirilməsinin, təhlükəsizliyin tam şəkildə bərpa edilməsinin vacibliyini önə çəkib. Minatəmizləmə işinin azad edilmiş ərazilərimizdə uzun sürən bir proses olduğunu Prezident İlham Əliyev keçirilən müşavirədə bildirərək vurğulayıb ki, bu məsələ həll olunmadan vətəndaşlarımız o ərazilərdə yerləşə bilməzlər. Elə bu səbəbdən də minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Hazırda yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. Minatəmizləmə, abadlıq-quruculuq işlərinin hansı ağır şəraitdə həyata keçirildiyini anlamaq üçün yalnız “Qafqazın Xerosimasını – Ağdamı” nümunə gətirmək kifayət edir.

Müşavirənin sonunda söylədiyi yekun nitqində Ali Baş Komandan Ağalı kəndinin sakinlərinin bu il öz dədə-baba yurdlarına qayıdacaqları müjdəsini verdi: “Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalı nəticəsində ev-eşiklərindən qovulan bir milyondan artıq vətəndaşımız 30 ildir ki, doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıb və çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaqdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrin, daha sonra Qarabağ və Zəngəzurun tikintisi üçün Baş Planların hazırlanması və tikintisi üçün görüləcək işlər ondan xəbər verir ki, yaxın gələcəkdə soydaşlarımız ata-baba yurdlarına dönəcəklər. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Artıq bir il yarımdan çoxdur ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur, böyük əkin işləri aparılır və bu il 50 min hektarda əkin aparılacaqdır. Bu barədə Prezident İlham Əliyev onun sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində ətraflı bəhs edib. “Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Yol tikintisinin uğurla davam etdirildiyinin nəticəsidir ki, bu il Naftalandan Talış kəndinə qədər çəkilən yollar tam istismara verilməlidir və  bu yol Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Cari ildə istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut, Qubadlı-Eyvazlı və digər yollar da var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. “Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib”, - deyə Prezident İlham Əliyev bildirib.

2022-ci ilin 3 ayının yekunları göstərir ki, nəticə etibarilə, proseslər ümidverici və müsbətdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Ölkə Başçısının qeyd etdiyi kimi: “Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”. Bəli, vaxt itkisinə yol vermək olmaz. Xüsusilə də, bunu İrəvan nəzərə almalıdır. Ermənilər və onların havadarları başa düşməlidirlər ki,  regional təcrid vəziyyətində olan Ermənistan üçün vaxt itkisi daha böyük itkilərə səbəb olacaqdır. Sonrakı peşmançılıq isə fayda verməyəcəkdir.