YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir

“İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Təbii ki, 30 ilə yaxın dövrün çağırışları ilə bugünümüzün tələbləri, məsuliyyəti fərqlidir. Bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişənin hələ  həllini tapmadığı dövrlərdə keçirilən tədbirlərin qalibyyət çağırışlarının təməlində Azərbaycanın gücünün, qüdrətinin, nəyə qadir olduğunun təqdimatı dayanırdı.  Çünki Birinci Qarabağ müharibəsində məlum səbəblərdən məğlubiyyətimiz, torpaqlarımızın işğal altında olması hər sahədə qələbə çağırışını edirdi.  Bu gün isə tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur, həm də  məsuliyyətlidir. Dövlət  başçısı İlham Əliyev aprelin 8-də   Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki,  bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib  ki, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin  əsas tərkib hissəsidir: “Nəzərə alaq ki, idman da bir siyasətdir. Yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə  dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir. Azərbaycanda idman sahəsində yaradılan infrastruktur beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı   layiqincə dəyərləndirildi. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycan bu idman tədbirləri vasitəsilə müsəlman dünyasında İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə öz töhfələrini verdi.

Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır.  Paytaxt və bölgələrdə  inşa olunan idman kompleksləri  gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır.  Statistikaya nəzər salaq. 2003-2018-ci illərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə ediblər.  İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar.  Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında -  2004-cü ildə Afina, 2006-cı ildə Turin, 2008-ci ildə Pekin, 2010-cu ildə Vankuver, 2012-ci ildə London, 2014-cü ildə Soçi, 2016- cı ildə Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirak edib. İlk Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə yüksəldi. Rio-de-Janeyro Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu. Məlum olduğu kimi, 2019-cu ilin sonlarından eribarən koronavirus infeksiyasının dünyanı cənginə alması ilə bağlı digər tədbirlərlə yanaşı, idman yarışlarına da məhdudiyyətlər qoyuldu.” 

“Dövlət  başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir”  deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  dünyaya səs salan tarixi Zəfərimizdə  gənclərimizin vətənpərvərlik hissi, torpaq sevgisi böyük rol oynadı: “Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın tarixi Qələbəsinin əsasında torpaq, Vətən sevgisi dayanır. Bu, qürurvericidir. Bu baxmdan ki, Azərbaycan  xalqı tarixinə sahib çıxan xalq olmaqla yanaşı,  torpağını sevən, Vətəninin hər daşına, qayasına bağlı olan xalqdır. Tarixi Qələbəmiz bir daha xalqımızın bu keyfiyyətlərini nümayiş etdirdi, məğrurluğumuzu, yenilməzliyimizi  təsdiqlədi.”

Vüqar Rəhimzadə  bildirib ki, Azərbaycan ənənələri olan ölkə kimi tanınır və nüfuz qazanır: “Hər bir millətin, xalqın tanınmasında onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır.  Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha  bu çağırışı etdi ki, gənc nəsil  mütləq vətənpərvərlik ruhunda,  milli ruhda,  milli dəyərlər əsasında tərbiyə almalıdır.  Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. “Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır” söyləyən ölkə Prezidenti  bu əminliyi də ifadə etmişdir ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Çünki gənc nəsil yetişir, onlar  Vətəni ləyaqətlə təmsil edirlər.  Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil şəkildə aparır. Döyüş meydanında, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü böyük uğurumuz, illərin səylərinin, düşünülmüş siyasətin nəticəsidir.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir sahədə nümunə olduğunu önə çəkərək bildirib ki, tarixi Zəfərimiz  bizi daha möhtəşəm uğurlara səsləyir: “İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda da  Azərbaycan qalib olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasından qürur duyduğumuz  üçrəngli bayrağımız yüksəklərə qalxacaq. Dövlət başçısı İlham Əliyev görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki,  qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.”

Vüqar Rəhimzadə  bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl, gələcəyə yönəlmiş siyasət davamlı uğurların əsasıdır: “Möhtərəm Prezidentimiz İlham Əliyev son 18 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirərək bu hədəfi qarşıya qoyur ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Bunun üçün bütün imkanlar mövcuddur”.