YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşü Azərbaycanın milli maraqlara söykənən düşünülmüş siyasətinin növbəti uğurudur

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir. Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən parlaq qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Bu gün Prezident İlham Əliyev təkcə ölkəsinin torpaqlarını işğaldan azad edən Müzəffər Ali Baş komandan deyil, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunması  üçün ardıcıl siyasət yürüdən siyasi liderdir. Dövlət başçımızın beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe dövlətimizin regionda real güc sahibi olduğunu təsdiq edir. Postmüharibə dövründə Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində yeni format yaranıb. 2021-ci il noyabrın 26-da Soçi görüşündən sonra 14-15 dekabr 2021-ci il tarixlərində təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüş, habelə ölkə rəhbərinin 2022-ci il 6 aprel tarixli səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyuldu. Prezident İlham Əliyevin  Brüssel səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi milli maraqlara söykənən düşünülmüş  siyasətin növbəti uğurudur.

Görüşlərin  nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqlara başlanılması, işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və digər məsələlər  ölkəmizin ərazi bütövlüyünün, regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanıb.Cərəyan edən proseslər onu göstərir ki,  Avropa İttifaqı Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Brüssel görüşünün digər nəticəsi sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunması, Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən dəmir yolları və avtomobil yollarının açılması təşəbbüsünün təqdir edilməsi, bu təşəbbüsün bütün iştirakçılar tərəfindən dəstəklənməsidir. Təqdim  olunan Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm məqam “Dağlıq Qarabağ” ifadəsinə və keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutina istinad yoxdur. Bütün bunlar deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığa əsaslanır. Eyni zamanda münaqişə həll olunduğu üçün ATƏT Minsk Qrupunun lazımsız təsisata çevrildiyini qəbul edir. Beləliklə, şərtləri birmənalı olaraq diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Şübhəsiz  ki,  Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən qətiyyətli siyasət öz sözünü deyir.

Brüssel görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir.