YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğurları bütün sahələrdə davam edir

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Hər zaman beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən güləşçilərimiz Macarıstanın paytaxt şəhəri Budapeştdə keçirilən Avropa çempionatında bir daha öz uğurları ilə xalqımızı sevindiriblər. Böyük zəfərlə Azərbaycana geri dönən güləşçilərimiz yarışmada 16 medal qazanıblar.

Avropa çempionatında yunan-Roma güləşi üzrə ümumi hesabda 165 xalla birinci yeri tutan milli komandamız tarixi uğura imza ataraq ilk dəfə Avropa çempionu olub. Güləşçilərimiz iki qızıl, bir gümüş və beş bürünc medal qazanıblar. Azərbaycan yığması, əlavə olaraq, 159 xalla sərbəst güləş üzrə də birinci pilləni tutub. İdmançılarımız sərbəst güləşdə bir qızıl, dörd gümüş və iki bürünc medal qazanaraq üçüncü dəfə Avropa çempionu olub. Çempionatda medallardan birini qadın idmançımız qazanıb.

Artıq beynəlxalq arenalarda ölkəmizin və idmanımızın nüfuzunu artıran güləşçilərimiz qalib xalqı təmsil edir. Vətən müharibəsində böyük Zəfər qazanmış ölkəni təmsil etmək qürurverici olmaqla yanaşı bir o qədər də məsuliyyətli işdir və güləşçilərimiz bu vəzifəni məharətlə yerinə yetirirlər. Qitə birinciliyinə sahib olmaq gənc nəslin idman ənənələrimizi yaşadaraq necə əzmkar mübarizə apardığını göstərir. Davamlı olaraq gənclərimiz bu ənənələri yaşatmalı, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, çünki istər hərbi zəfərlərimizin, istərsə də idman uğurlarımızın kökündə bu prinsiplər dayanır.

2024-cü ildə Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Artıq güləşçilərimiz bu yarışmaya Avropa çempionu kimi yollanacaqlar. Yalnız güləşçilərimiz deyil, ölkəmizi Yay Olimpiya Oyunlarında təmsil edəcək bütün idmançılarımız ciddi hazırlıq tədbirləri görməlidirlər. Biz inanırıq ki, hər bir idmançımız öz əməyi ilə, öz gücü ilə Azərbaycanı bu yarışmada layiqincə təmsil edəcək. 

Bütün döyüş meydanlarında məğlub olan, məğlubiyyəti ilə barışmayıb çirkin əməllərə əl atan ermənilər dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı terror aktları törədiblər. Yaşlı, uşaq, qadın demədən yüzlərlə insanı qətlə yetiriblər. Öz taleyini özü həll edən ölkəmiz düşmənə istər döyüş meydanlarında, istərsə də siyasi arenalarda layiq olduğu cavabı hər zaman verib.

44 günlük müharibə ərzində yenə terror hadisələri törədən düşmənə Azərbaycan əsgəri döyüş meydanında cavab verib. Ermənistandan fərqli olaraq regionda daim sülh və sabitlik üçün çalışan Azərbaycan humanist addımlar göstərərək düşmənin mülki əhalisinə heç bir zərər yetirməyib. Qələbədən daha önəmli olan humansitlik və ləyaqətdir. Azərbaycan əsgərləri kimi idmançılarımız da daim bu prinsiplərə əməl ediblər, feyr-pley qaydalarına riayət etməklə öz zəhmətləri hesabına qələbələr qazanıblar.