YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi istənilən vəzifənin öhdəsindən gəlmək gücünə sahibdir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Birmənalı olaraq demək lazımdır ki, Prezident cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib. O cümlədən ölkəmizin ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var. Əlbəttə ki, bütün bunlar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasət nəticəsində əldə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətdir. Dövlətimizin başçısı 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Qeyd etmək lazımdır ki, 2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçirilmiş Prezident seçkiləri dövlətin və xalqın milli mənafelər baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Bütün bu faktorlar belə deməyə əsas verir ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan, bütün məqamlarda ulu öndərin ən etibarlı silahdaşı kimi çıxış edən cənab İlham Əliyevə xalqın etimad göstərməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən və tarixi baxımdan zəruri seçim idi.

2018-ci il prezident seçkilərinin nəticələrinə təsir etmiş əsas amillər araşdırılarkən ilk növbədə qeyd olunmalıdır ki, 2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub. Bu illər ərzində bütün Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, mühüm istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilmişdir. Həmin dövrdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunun daha bir nümayişi oldu. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirildi. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə 2003-2018-ci illərdə yüksək nəticələr əldə olunmuşdu. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Məhz o dövrdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulmuşdu. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə düşmüş, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil etmişdi. Həmin illər ərzində ölkədə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsində müəyyənləşmişdi. Əlbəttə ki, bütün bunlar da 2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə bilavasitə təsir edən amillər idi.

Həmçinin məlumdur ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. 1997-ci ildə İlham Əliyev cənablarının Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında əsaslı dönüş baş verdi. Məhz həmin ildən Azərbaycan idmanı tamamilə yeni, daha yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. O cümlədən 2003-2018-ci illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə öz təsirini göstərməyə bilməzdi. Məhz bütün bu amilləri yüksək dəyərləndirən Azərbaycan xalqı 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Prezident İlham Əliyevin sıx birləşib və bu birlik istənilən vəzifənin öhdəsindən gəlmək gücünə sahibdir.