YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın aprel avantürası: 6 illik zaman kəsiyindən baxış

Elman Nəsirov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün  ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü  təmin edildi. Bu, bir həqiqtdir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordusu sirasındadır. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşmışdır. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsla edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan ordusunun qüdrətini və  sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan  fikirlərinin  tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi

Bu, təxribatın səbəbləri də bəllidir. Prezident İlham Əliyev aprel döyüşlərindən 4 gün sonra, 2016-cı il aprelin 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq qeyd etmişdir ki, “Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.” Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğalçı dövlət olaraq münaqişənin permanent olaraq davam etməsində, status-kvo vəziyyətinin qorunub saxlanmasında maraqlı idi. İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə, bütün qüvvələrini səfərbər edir və həmin prosesinın qarşısını alırıdı. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atırdı. Fikrimizi əsalandırmağa çalışaq.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-ci ilin 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən İV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlı idi. Dövlətimizə olan böyük etimaddan qaynaqlanırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezident Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik  prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşılamışdı. Burada heç bir halda Ermənistanın daima əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmirdi. Onu da xüsusi olaraq qeyd edək, əslində ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır. Bu hadisə Ermənistanda günün günorta çağı şimşək efekti yaratdı. Rəsmi İrəvan bu vəziyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı. Əslində ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi.

Bu vəziyyətdə qəhrəman Azərbaycan ordusunun əks-həmləsi artıq labüd idi. Nəticəsi isə hamiya bəllidir. Bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində milli bayrağımız dalğalanmağa başladı. Düşmən böyük itkilər vermiş, şoxsaylı hərbi texnikası məhv edilmişdi. Ordusunda mənəvi düşkünlük və fərarilik kəskin şəkildə artmış oldu. Təkcə təmas xətində deyil, Xankəndi, Şuşa və digər Azərbaycan ərazilərində yaşayan erməni əhalisi də kütləvi köç etməyə başladı. Bu proses əvvəllər də var idi. Lakin Azərbaycan ordusunun rəşadəti sayəsində bu proses daha sürətli xarakter aldı.

Ermənistanın son hərbi təxribatı və ona Azərbaycan ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çoxsaylı nəticələr sırasında 3-ü üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

Birinci nəticə. Həmin dövrdə baş verən bir sıra hadisə və proselərə real zaman rejimində istinad etməlkə mövqeyimizi əsaslandıraq. Ermənistan ordusunun və qondarma “DQR silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təhcizatı və əsgər-zabit heyyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu. Ermənistanın Baş naziri Ovik Obramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedevə 200 milyon dollar kredit üzrə silah-surasatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə koməklik göstərilməsini az qala yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir. Bundan savayı, Ermənistan prezidenti Serj Sarkisyan  Almaniyada səfərdə olarkən 2 hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan ordusu ən müasir silahlarla təhciz olunubdur. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır.

Əli Xocalıda dinc, günahsız soydaşlarımızın qanına bulaşmış “Serj Sarkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik,-” fikri də erməni ekspertlərinə məxsusdur.

İkinci nəticə. Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar, əsasən, Azərbaycanın haqq işini müadfiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin...qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik”. Hətta iş o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qinaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə, Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın ”yuxusuna haram qatdı”. Xüsusilə  Qazaxıstan və Belarus dövlətlərinin Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını acı etiraf olaraq səsləndirməkdə davam edirdilər. Rusiyanın qaz satışında həmin dövrdə  Ermənistana etdiyi 10-15 dollarlıq güzəşti isə əslində Kremlin Sarkisyan rejiminə verdiyi “dəyər”in miqyasının göstəricisi kimi də qiymətləndirilə bilər.

Üçüncü nəticə. 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağlıdır. Xüsusi olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğuna prioritet sahə kimi yanaşması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilmişdir. Ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir. Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur. Ən başlıcası isə, hakimiyət və xalq arasında monolit birlik vardır. Xalq prezidentini sevir, prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Ermənistan iqtidarının sosial bazası çoxdan tükənmişdi. Sarkisyan rejiminə erməni xalqı nifrət edir və öz ovladlarını bu rejimin müdafiəsi naminə müharibəyə göndərmək istəmirdi. Elə bu səbəbdən də Ermənistanda yeni müxalifət düşərgəsi-“Əsgər anaları hərəkatı” formalaşmışdı. Ermənistan ordusunun “aprel itkiləri” fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmış oldu.

Bu realılqlar işğalıçı Ermənistan üçün dərs olmalı idi. Əks halda Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyirdi. Elə belə də oldu.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi vı nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verdi. Ən mühüm nəticələrdən biri  və bəlkə də, birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan höküməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çixarmalı və konstruktiv davaranış tərzi nümayiş etdirməli idi.

Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqlədi. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam etdi. Xüsusilə Nikol Paşintyanın 2019-cu ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində-Xankəndində dar əhatədə səsləndirdiyi “Dağlıq Qarbağ Ermənistandır. Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populsit mövqe kimi qarşılandı.Bu reallıqda  Prezident İlham Əliyevin mövqeyi son dərəcə prinsipiallığı və qətiyyəti ilə seçilirdi. Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-ının müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kmi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “ Qarabağ  Azərbaycandır. Nida işarəsi “ hökmünü irəli sürdü.

Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı  üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti  və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi.  Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı.  Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.

Artıq bir ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College)  və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Dövlət büdcəsi cəmisi 350 milyon ABŞ dollarına malik olan təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.

 Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı.

Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev 2021-ci ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən VIII Zirvə Göruşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir.

Türk Şurasının tam hüquqlu üzvü olan dörd dövlətin-Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amilləri şərti olaraq üç qrupa bölmək olar.

Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər;

İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə;

Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunamasına yolun açılması.

Həqiqətən də müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır,Türk dünyası kimi daha geniş coğrafi arealı əhətə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”

Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” –deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Hörmətli Mehriban xanım Əliyeva  Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir

Eyni zamanda onu da vurğulayaq ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəszilik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat komunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, miinalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar. Hər zaman olduğu kimi, qeyd edilən mürəkkəb məsələlərin həllində də milli birliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi tarixi zərurətə çevrilmişdir. Bu dəmir məntiqdən çıxış edərək son 19 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların,  müasirləşmənin, ugurlu xarici siyasətin və xüsusilə də pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı  olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu zamanın çağırışıdır!

DİGƏR Xəbərlər Arxiv