YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan rəhbərliyi bir daha sübut edir ki, regionda sülhün, sabitliyin bərqərar olmasında maraqlı deyil

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “International Affairs” jurnalına verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.
H.Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar danışıqlar prosesinin reallığı ilə ziddiyyət təşkil edir. Bu, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti çarəsiz cəhddir.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvonun əsasını isə Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı təşkil edir. Bu səbəbdən qəbuledilməz olan status-kvo ilk növbədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması ilə dəyişdirilməlidir. 2014-cü ilin mayında ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik münaqişənin həllinə dair Minsk qrupunun digər həmsədrləri tərəfindən də dəstəklənən altı bənddən ibarət plan təqdim etdi. Bu planın da başlıca elementi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılmasıdır. Minsk qrupunun həmsədrlərinin israrlı çağırışlarına baxmayaraq, Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan imtina edir.
Minsk qrupunun həmsədrlərinin bəyanat və çağırışlarını təhrif edən Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli Budapeşt sənədində həmsədrlərin fəaliyyətinin əsasını BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təşkil etdiyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsbit edir, güc tətbiq edərək ərazi əldə etməsinin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb edir.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan humanizmdən kənar şəkildə itkin düşmüş şəxslər barədə məlumat mübadiləsindən imtina edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab edilir. Onların əksəriyyəti Ermənistan tərəfindən öldürülüb, işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində kütləvi məzarlıqlarda basdırılıb. Müasir DNT analizləri vasitəsilə onların kimlikləri müəyyən edilə və ailələrinə məlumat verilə bilərdi.
Hazırda davam edən vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi yürütdüyü destruktiv siyasətlə bir daha sübut edir ki, rəsmi Yerevan regionda sülhün, sabitliyin və öncədən proqnozlaşdırıla bilən vəziyyətin bərqərar olmasında maraqlı deyil.
 

DİGƏR Xəbərlər Arxiv