YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri Böyük Zəfər səlnaməsinin başlanğıcı kimi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə yazdı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın “keçilməz Ohanyan xətti” ilə bağlı mifi darmadağın etdi.

Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu. Aprel savaşı düşmənə tarixi gözdağı və əbədi ibrət dərsi oldu. Lakin Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri bir daha göstərdi ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Azərbaycan xalqı qəhrəman xalqdır”. Dövlət başçısı Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu şanlı döyüşlər dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə, Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Aprel döyüşlərinin bizim üçün bir sıra müsbət nəticələri oldu. Strateji nəticəsi ondan ibarət oldu ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var idi: Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək. Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı.

Strateji nəticələr: Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinə həyat qayıtdı və bu, Qarabağa qayıdışın başlanğıcı oldu; Talış kəndi ətrafındakı yüksəkliyin azad edilməsindən sonra Ermənistanın bu istiqamətdə yerləşdirdiyi ermənilər ərazini tərk etdi (onların demək olar ki, yarısı Vətən müharibəsinə qədər hələ də qayıtmamışdı).

Siyasi nəticəsi isə ondan ibarət oldu ki, münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun regiona illərdir “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Azərbaycan əsgəri problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı. Azərbaycan əsgəri sübut etdi ki, işğal olunmuş torpaqlardan vaz keçməyib, münaqişə “dondurulmuş” deyil, hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər. Nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. Vyana görüşü, ardınca Sankt-Peterburq görüşü keçirildi. Son iki onillikdən sonra münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində bu qədər canlanma müşahidə olunmamışdı və bu, Azərbaycan əsgərinin xidməti idi. Bütün bunlara baxmayaraq, Ermənistanın o dövrdə ki hərbi-siyasi rəhbərliyi aprel döyüşlərindəki məğlubiyyətdən düzgün nəticə çıxara bilmədi. Buna düşmən ölkənin uydurma və saxta tarixə əsaslanan dövlət ideologiyası, uzun illər ərzində Ermənistan ordusunun məğlubedilməzliyi haqqında yaradılan mif, Ermənistanın kriminal xunta rejiminin dövlət və cəmiyyət daxilindəki dərin sosial-iqtisadi böhran vəziyyətini düzgün qiymətləndirməməsi mane oldu.

Aprel döyüşlərindən sonra hakimiyyətə yiyələnən Ermənistanın baş naziri Nikol Paşinyan da bu savaşdan heç bir nəticə çıxarmadı, əksinə, işğalçılıq siyasətini davam etdirərək “Qarabağ Ermənistandır və nöqtə” kimi məsuliyyətsiz bəyanatlar səsləndirdi. Təbii ki, bu proseslərdə bizim yaxın gələcəkdə parlaq qələbə qazanaraq öz doğma torpaqlarımızı düşmən tapdağından azad etməyimizi şərtləndirən amillərdən biri oldu. Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Məhz, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bu gün hər birimiz iftixar və qürur hissi ilə Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə deyə bilirik: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!