YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Ermənistan” xülyası reallaşmasa da ermənilərin azərbaycanlılara qarşı soyqırımının vəhşəti və böyüklüyü ölçüyəgəlməzdir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımıları, xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və ətraf şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Hər gün daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlarla dinc əhalini kütləvi surətdə qətlə yetirmişlər. Konkret rəqəmlərlə desək, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi.  Yüzlərlə tədqiqat faktı bu məzarlığın 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğunu sübuta yetirdi.

Ermənilərin xalqımıza qarşı törətdiyi bu  faciələrə siyasi və hüquqi qiymət verilməsi,  bu soyqırımının  əsl qiymətini alması  və bütün bu həqiqətlərin dünyaya çatdırılması üçün ulu öndər Heydər Əliyevin gördüyü işlər  xalqa xidmətin  ən böyük  nümunəsi olaraq tariximizdə önəmli yer tutur. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bunun davamı olaraq bu həqiqətlərin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı. Bu memorial kompleksin açılışı zamanı cənab İlham Əliyev bir daha bu faciənin böyüklüyünə və vəhşətinə diqqət çəkərək demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir...” Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin törətdiyi cinayətlər bütün dünya tərəfindən pislənilməli, soyqırımı olaraq qəbul edilməli və Azərbaycan və dünya tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər çalaraq qazandığı Qələbə ilə tariximizin qanlı faciə qurbanlarının qisasını aldı. Biz inanırıq ki, haqq işimiz bundan sonra da davam edəcək və xalqımız vəhşi ermənilərdə qalmış qədim tarixi torpaqlarına qovuşacaqdır.