YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd edilib. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə rayonun Qobu qəsəbəsində 31 Mart Azərbaycanlıların Soyqırımının günahsız qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan Anım Kompleksinin açılışında iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədr müavini Məhəbbət Qasımov tədbiri açaraq 1918-ci il hadisələri zamanı Abşeron rayonundan, o cümlədən Qobu qəsəbəsindən də şəhidlərin verildiyini qeyd edərək bildirib ki, qəsəbə ağsaqqallarından olan Məşədi Hilal Hacıismayıl oğlu ermənilərin törətdiyi vəhşiliklərin qarşısını almağa, kənd camaatını qorumağa çalışdığı zaman qanına qəltan edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının başına gətirilən bəzi faciələr uzun illər gizli saxlanılmağa, xalqın yaddaşından silinməyə çalışılib. Lakin ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə olan həqiqətlərin üzə çıxarılmasına səbəb olub, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1918-ci ilin mart soyqırımları zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirmiş, soydaşlarımızı diri-diri yandırıblar. Bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali sadəcə azərbaycanlı olduğu üçün kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.

A.Fərzəliyev qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlamış, 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutublar. Bu qanlı faciə zamanı 613 nəfər qanına qəltan edilib, sivil insanlar əsir alınıb.

Sonra RİH başçısı Abdin Fərzəliyev Qobu qəsəbəsindən olan şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Daha sonra anım tədbirləri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Abşeron RİH yanında İctimai Şuranın üzvü, elmlər doktoru Əbülfət Pələngov və Saray 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə Hüseynova çıxış edərək ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, onların həyata keçirdiyi vəhşiliklərdən danışmış, azərbaycanlıların hümanistliyindən istifadə edən mənfur qonşularımızın tarixi dədə-baba torpaqlarımıza göz dikdiklərini və buna görə də istənilən fürsətdən istifadə edərək soydaşlarımıza qarşı dəfələrlə soyqırım siyasəti həəyata keçirdiklərini qeyd ediblər.