YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “31 Mart - Tarixin yaddaşından silinməyən soyqırımı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri Yevlaxdakı Şəhidlər xiyabanında 31 Mart soyqırımı qurbanlarının və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, önlərinə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.

Sonra YAP Yevlax rayon təşkilatının inzibati binasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, təhsil, mədəniyyət işçiləri və YAP fəallarının iştirakı ilə davam tədbirdə  əvvəlcə soyqırımı qurbanlarının və topraqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 1918-ci ilin mart qırğınlarını erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli səhifələrindən biri olduğunu, soyqırımı zamanı Bakıda və digər bölgələrimizdə ermənilər tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Partiyamızın Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələrini məhv edərək, Zəfər Qələbəsinə imza atdılar. Qəhrəman Azərbaycan əsgəri soyqırımına məruz qalmış soydaşlarımızın, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin qisasını aldılar.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, DQİDK-nin Yevlax  bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Yevlax rayon Aşağı Salamabad kənd orta məktəbinin direktoru Yasin Cavadov, Mingəçevir Dövlət Universitetinin tələbəsi, YAP Yevlax rayon təşkilatının fəalı Əlirza Abdullayev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov da soydaşlarımıza qarşı törədilmiş amansız cinayətlərdən geniş bəhs ediblər.

Tədbir çərçivəsində 31 Mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub.