YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllıda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib

İsmayıllıda Soyqırımı abidəsinin önündə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təskilatı fəalları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-təşkilat rəhbərləri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə abidənin önünə tər güllər düzülüb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 104 il keçdiyini qeyd ediblər. Vurğulanıb ki, ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı yalnız minlərlə insan ölümüylə nəticələnməyib, həm də tarixi abidələrimizə, mədəniyyətimizə, milli-dini dəyərlərimizə qarşı yönəlib.  

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra faciəyəyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. 

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Həmçinin o da vurğulanıb ki, 1918-ci il mart soyqırımı zamanı Azərbaycanın digər bölgələrində olduğu kimi İsmayıllının Şamaxı qəzasına daxil olan Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava, Hacıhətəmli, Mollaisaqlı kəndlərində də kütləvi qırğınlar baş verib. 

Tədbirdə çıxış edən şəhid anası bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Ordumuzun rəşadəti sayəsində tarixi ədalət, ərazi bütövlüyümüz bərpa olunub. Şəhid valideyni tədbir iştirakçılarını ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətləri unutmamağa çağırıb.