YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mart soyqırımı qan yaddaşımızın qanlı tarixidir

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Son iki yüz ildə Azərbaycan tarixinə qanlı səhifələrlə yazılmış və faciəvi hadisələrlə insanları dəhşətə gətirən 1918-ci ilin Mart soyqırımı bəşər sivilizasiyasının tarixinə yazılan, insanlığa nifrətdən doğan görünməmiş cinayətdir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan oldu. Azərbaycanlılara qarşı törədilmiş qətliam, 31 Mart soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.

1918-ci ilin mart ayının sonlarında Bakıda qanlı faciələr törədən erməni daşnakları uşaq, qoca, qadın demədən minlərlə azərbaycanlını qəddarcasına qətlə yetirib, diri-diri yandırıblar. Qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla davam etdirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Həmin günlərdə Şamaxı qəzasının azərbaycanlılar yaşayan 58 kəndində ermənilərin qətlə yetirdikləri günahsız azərbaycanlıların sayı minlərlə idi. Erməni daşnaklarına başçılıq edən S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə törədilən qətliamlar miqyasına görə ən dəhşətli soyqırımlardan hesab edilir.

N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşma və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Azərbaycanın tarixi ərazisi olan Qərbi Azərbaycandan soydaşlarımızı yurdlarından köçürmək üçün soyqırımlar, günahsız insanlara qarşı ağla gəlməyən amansız qəddarlıqlar törədildi. Ermənilər ideoloqları hesab etdikləri Şaumyan, qulağı kəsik Andranikin, Hamazasp, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda... bir sözlə, Azərbaycanın bütün yaşayış məskənlərində kütləvi qırğınlar, talanlar törətdilər. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyan başçılıq etdiyi silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində tək Bakıda 30 min soydaşımızı amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.

Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz.

Təkcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların sayı minlərlədir. Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi xarici qonaqları da dəhşətə gətirir.

Əsrlərdən bəri xalqımıza qarşı davam edən soyqırımlar 1990-cı il yanvarın 20-də bir daha təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya növbəti dəfə erməni xəyanətindən yararlandı. 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Maraqlı dairələrin “xeyir-dua” verdiyi Qarabağ hadisələrinin başlanması ilə Azərbaycan torpaqları işğal olundu, azərbaycanlılar doğma torpaqlarından qaçqın, köçkün düşdülər. 1988-ci ildə daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda - Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən çox soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.

Qeyd edilib ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdular. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 1918-ci ildə törədilən azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur. Azərbaycan xalqına qarşı ermənilərin ötən əsrlərdə apardıqları soyqırımı siyasəti nəticəsində 2 milyondan artıq soydaşımız, günahsız insanlar qətlə yetirilib, kəndlər, şəhərlər dağıdılıb, yandırılıb. Terrorun, işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbindən baş verən qırğınlar nəticəsində qətlə yetirilən şəhidlərimizin sayı yüz minlərlədir. Ümumiyyətlə, artıq tarixə qovuşan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 20 mindən çoxdur. Erməni silahlılarının ərazilərimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanıb, 4 mini itkin düşüb, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılıb.

“Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz çoxdur” söyləyən Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, Prezident İlham Əliyevin iştirakı ilə Xocalı faciəsinin ildönümləri münasibətilə keçirilən aksiyalar daşnakların dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərinin açıqlanması baxımından çox mühüm addımlardır.

Erməni cəlladlarına ən layiqli cavab isə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfər, Ermənistanın kapitulyasiya aktını imzalaması oldu.