YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mart soyqırımı – tariximizin qanlı yaddaşı

YAP Şamaxı rayon təşkilatının sədri

Tural Qasımlı

Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarımızın imperiyalar arasında bölüşdürülməsi 1813-ci ildə imzalanmış Gülüstan və 1828-ci ildə imzalanmış Türkmənçay müqavilələri ilə başladı. Ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi qısa müddətdə həyata keçirildi. Erməni millətçilərinin iki yüz ilə yaxın müddətdə xalqımıza qarşı hərbi, siyasi, ideoloji vasitələrlə həyata keçirdikləri siyasətin məqsədi azərbaycanlıları öz yurd-yuvalarından sıxışdırıb çıxarmaq, onları soyqırıma məruz qoymaq və yeni ərazilər zəbt etmək idi. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları müxtəlif dövrlərdə ermənilər tərəfindən işğal edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərlə insan həlak olmuşdur.

1918-ci ilin martında Bakıda ictimai-siyasi vəziyyət gərginləşdi. Stepan Şaumyanın başçılıq etdiyi bolşevik qüvvələri Erməni Milli Şurasının və Daşnaksutyun partiyasının rəhbərləri ilə birlikdə xalqımıza qarşı soyqırıma başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin azsaylı olduğunu və zəif silahlandığını fürsət bilən Şaumyan martın 29-da Bakıda öz mənfur niyyətini həyata keçirməyə başladı.

Ermənilər azərbaycanlıları məhv etməklə yanaşı, onların evlərini də talan etdilər, günahsiz insanlara işgəncə verdilər. Bu qırğınlardan təkcə Azərbaycan müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları zərər çəkdi. Erməni vandalları bir sıra tarixi-mədəni abidələri, o cümlədən İsmailiyyə binasını,  “Kaspi” qəzetinin redaksiyasını, “Dağıstan” və  “İsgəndəriyyə” mehmanхanalarını yandırdılar.

Mart soyqırımında nizamlı erməni birləşmələrilə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdi. Bu qırğın minlərlə insanın ölümünə səbəb oldu, ermənilər su təchizatı sahəsində də problem yaratdılar, talançılar yerli əhalinin bütün ərzaq ehtiyatlarını müsadirə etmişdilər.

 Azərbaycanın qədim şəhəri Şamaxı da dəhşətli talanlara və vəhşiliyə məruz qaldı. Şamaxı şəhəri və Şamaxı rayonunda erməni vəhşilikləri ilə bağlı 7 cildlik 925 səhifəlik araşdırma materialı toplanıb. Burada Stepan Lalayevin və Tatevos Əmirovun rəhbərlik etdiyi quldur dəstələri azərbaycanlıları vəhşicəsinə qətlə yetirdi. Şamaxının böyük hissəsi, o cümlədən 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırıldı. Şamaxı rayonunun 53 kəndində ermənilər 8027 azərbaycanlını öldürdülər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq idi. Həmin kəndlərə dəyən ümumi ziyan o zaman 339,5 milyon manat olub. Ümumilikdə, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə dəymiş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.

Ermənilər bolşeviklərin köməyi ilə 1918-ci ildə Quba qəzasında da üç dəfə qırğın törətdilər. Daşnaklar küçədə qarşılarında duran bütün insanlara atəş açır, yaralıların cəsədlərini süngü ilə deşib, gözlərini çıxardırdılar. Bu şəkildə Qubada bir neçə saat ərzində yüzlərlə insan edam edildi. Daşnaklar Quba, Qusar və Xaçmazda 26 məscidi yandırdılar. 1918-ci ilin ilk beş ayı ərzində Hamazasp Srvandzyanın vəhşilikləri nəticəsində Quba qəzasında 16 mindən çox insan qətlə yetirildi.

Ümumiyyətlə, 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti genişmiqyaslı qanlı hadisələrə çevrildi. 1918-ci ildə 30 mart və 3 aprel tarixləri arasında, qısa müddət ərzində Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə soyqırım nəticəsində 12 minə qədər azərbaycanlı öldürüldü, on minlərlə insan itkin düşdü. Vaxtilə Heydər Əliyevin milli məsələlər üzrə müşaviri Hidayət Orucov bildirmişdi ki, “2,5 milyona yaxın azərbaycanlı XX əsrdə azərbaycanlılara qarşı ermənilərin soyqırımının qurbanı olub”. Ermənilər tarixi saxtalaşdırmaqla həqiqəti dünyadan gizlətməyə, həqiqətləri gizlətməyə çalışıblar.

Lakin, ümummilli lider Heydər Əliyev hər zamana erməni saxtakarlığına qarşı çıxmış, mənfur qəsbkarlar tərəfindən törədilən soyqırımın beynəlxalq arenada tanınması üçün mübarizə aparmışdır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Heydər Əliyevin müvafiq fərmanı ilə faktiki olaraq “azərbaycanlıların soyqırımı” anlayışını siyasi dövriyyəyə daxil etdi. Azərbaycan diasporunun nümayəndələri də müxtəlif ölkələrdə soyqırım gününə həsr olunmuş müxtəlif tədbirlər keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il oktyabrın 30-da Quba şəhərində XX əsrin əvvəllərinə aid kütləvi məzarlığın aşkar edildiyi “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı həmçinin 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamış və bu sərəncamdan irəli gələn bütün göstərişlər dövlət səviyyəsində yerinə yetirilmişdir.