YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim yeniləşən Azərbaycan naminə

Əfsun Sucayev

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent

Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdıran Yeni Azərbaycan Partiyası (YAP) bu yaxınlarda təkcə sonrakı fəaliyyəti üçün deyil, həm də ölkəmizin bu günü və sabahı üçün də mühüm əhəmiyyət kəsb edən vacib bir sənəd qəbul etdi. Söhbət ölkəmizin müstəqilliyinin, yenicə bərpa olunmuş ərazi bütövlüyünün möhkəmlənməsinə, müdafiə qüdrətinin artırılmasına xidmət edəcək hakim partiyanın İdarə Heyətinin qərarı ilə təsdiq olunan yeni proqramdan gedir.

İndiyə qədər qəbul olunmuş iki proqramda siyasi, iqtisadi, elmi, mədəni, sosial hədəflərə nail olunması, xüsusən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən 44 günlük zəfərin gətirdiyi yeni reallıqlar gündən-günə yeniləşən Azərbaycan naminə hakim partiyanın yeni proqramının hazırlanmasını tələb edirdi.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi təmələ əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan hədəflərin əksini tapdığı, eləcə də YAP-ın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən beş fəsildən ibarət proqram sözün əsl mənasında mükəmməl işlənmiş yol xəritəsidir.

Proqram xalqımıza, dövlətimizə xas olan keçmiş ənənələri qoruyub saxlamaqla sivil dünyaya inteqrasiyanı özündə əks etdirir.

Proqramın əsas qayəsini təşkil edən siyasi dəyərlər və prinsiplər ilk növbədə ölkəmizin çətinliklə qazandığı və sınaqdan keçdiyi müstəqilliyinin daha da möhkəmlənməsini ehtiva edir və azərbaycançılıq ideyasının genişlənməsi, dövlətçilik ənənələrinin yaşadılması, qanunun aliliyinin hər şeydən üstün tutulması, varisliyin gözlənilməsi, konstruktiv əməkdaşlıq və dialoq əsasında təmin olunan birliyimizin daha da gücləndirilməsi, bütün məsələlərdə sosial ədalətin bərqərar olunması, insan amilinin nəzərə alınması və digər amillər əsas hədəflər kimi seçilmişdir.

Proqramda yer alan ən vacib siyasi dəyər kimi Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideyası xalqımızın çoxəsrlik mədəni irsinin hərtərəfli şəkildə, dərindən öyrənilməsində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm yer tutur. Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmışdır ki, onun da əsasında vətəndaş həmrəyliyinin və ümumxalq birliyinin yaradılması dayanır. Nəticə etibarilə Vətən müharibəsində bütün dünyaya nümunə kimi göstərilən “Dəmir yumruq” düşməni darmadağın etdi, ərazi bütövlüyümüzü təmin etdi.

Konstruktiv əməkdaşlıq və dialoqu siyasi dəyər və prinsip halına gətirən hakim partiyanı müxaliflərindən əsaslı şəkildə fərqləndirən və sahib olduğu dəyərlərdən biri də məhz budur. Yenə də ölkə rəhbərinin təşəbbüsü və ideya müəllifliyi ilə ərsəyə gələn, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən müxtəlif siyasi, qeyri-hökumət təşkilatlarının təmsilçiləri arasında, bütövlükdə ölkəmizdə siyasi və milli həmrəyliyin yaradılması istiqamətində həyata keçirilən xidmətlər, həmçinin potensiallı gənclərin ölkənin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli işlərə önə çəkilməsi istiqamətində görülən işlər ölçüyəgəlməz əhəmiyyətə malikdir.

Sözün əsl mənasında yüksək səviyyədə yerinə yetirilən “Siyasi dialoqun Azərbaycan modeli”nin öz məntiqi nəticəsini verməsini müşahidə etmək sevindiricidir. Ola bilər ki, kənardan bu proses kimə və kimlərəsə sadə görünə bilər. Ancaq baş verənləri yaxından izləyən və ümumilikdə ölkəmizdə milli-siyasi birliyin yaradılmasında maraqlı olan ziyalılar dövlər başçısının reallaşdırdığı bu missiyanın nə qədər çətin, ağrılı və böyük zəhmət hesabına olduğunu görməmiş deyillər. Müxtəlif siyasi əqidə və fikir daşıyıcılarının arasında ortaq maraq nöqtəsinin tapılması, onları hakimiyyətə münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulmasına, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkilməsinə inandırmaq, hörmətə əsaslanan sağlam rəqabətə söykənən yeni siyasi mədəniyyətin formalaşdırılmasının hansı çətinliklər hesabına başa gəldiyini təsəvvür etmək belə sözlə ifadə ediləsi deyil.

Siyasi islahatların yeni mərhələsində sağlam rəqabətə söykənən dialoqun formalaşması üçün ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri, QHT nümayəndələri, ictimai təşkilatların fəalları ilə Prezident Administrasiyasında fərdi, eləcə də birgə görüşlər təşkil edilməsi, onların problemlərinin dinlənilməsi, həll edilməsi ölkəmizdə siyasi-milli həmrəyliyin yaradılmasının təkcə sözdən ibarət deyil, əməli proses olduğunu əyani təsdiqləyir. Məhz 44 gün davam edən parlaq qələbəmizlə başa çatan Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləməsi, milli birlik nümayiş etdirməkləri digər bütün məsələlərlə yanaşı, həm də və ən əsası müharibədən əvvəl dövlət rəhbərinin başlatdığı və inamla davam etdirdiyi siyasi dialoqun yaradılması istiqamətində aparılan məqsədyönlü işlərin məntiqi nəticəsidir.

Ölkə rəhbərinin xoş məramla və səmimi niyyətlə ortaya qoyduğu siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələri və ölkədən kənar pozuculuq fəaliyyəti göstərən xarici dairələrin çirkin maraqlarına xidmət edən barmaqla sayılan fərdləri istisna etsək, birmənalı qeyd edə bilərik ki, uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik yaranıb. Artıq hakim partiyanın yenilənmiş fəaliyyət proqramına da daxil edilən konstruktiv əməkdaşlıq və dialoq əminik ki, inamla və müvəffəqiyyətlə davam edəcək, dövlətimizin qüdrətli gələcəyi naminə qarşıya qoyulan bütün hədəflərə çatmağa əməli vasitə olacaq.

Haqqında danışdığımız proqramda elmilik məsələsinin əsas götürülməsi bir alim kimi diqqətimi cəlb edən ən vacib məqamlardandır. Təbii ki, yarandığı vaxtdan indiyə qədər YAP-ın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir. Proqramda da qeyd edildiyi kimi, müasir dövrdə rəqəmsallaşma ictimai həyatın bütün sferalarında olduğu kimi, siyasi münasibətlər sahəsinə də innovativlik gətirir, yeni dəyərlər yaradır. Ümummilli məsələlərin həllində elmi metodologiyalara əsaslanmaq siyasi riskləri azaldır. Partiyanın mövqeyinə görə, öyrənilən və ya öyrədilən biliklərin məzmunu elmin, texnikanın inkişafı ilə yeniləşərək, təlim prosesini müasirləşdirir. Elmilik fəaliyyət meyarlarından biri kimi partiyanın inkişafını və möhkəmlənməsini nəzərdə tutur.Buradan belə bir nəticəyə gəlmək olar ki, YAP cəmiyyətin və dövlətin inkişafı ilə bağlı təşəbbüslər irəli sürərkən elmi yanaşmalara əsaslanır. Siyasi fəaliyyətdə peşəkarlığın artırılmasında və siyasi rəqabətin konstruktiv çərçivədə aparılmasında yüksək elmi-siyasi biliklərə malik olmaq mühüm əhəmiyyət daşıyır.

Siyasət böyük elmdir. Siyasətin elmləşməsi həyata keçirilən hər bir siyasi-iqtisadi addımın elmə söykənməli olduğunu diktə edir. Elmə əsaslanan addım isə heç vaxt yanlış ola bilməz.