YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Rusiyanın Azərbaycan mediasına münasibətdə bloklama siyasəti söz azadlığına və plüralizmə ziddir

“Məlum olduğu kimi, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin  qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az saytı Rusiya ərazisində bloklanıb. Bundan əvvəl "Haqqin.az" və "Minval.az" saytları ilə bağlı da analoji qərar qəbul edilib. Birmənalı demək olar ki, qəbul edilən bu qərarlar söz azadlığı və plüralizm prinsiplərinə ziddir. Bu baxımdan Rusiyanın dövlət qurumu tərəfindən Azərbaycanın xəbər saytlarına qarşı münasibətdə ifadə azadlığına zidd olaraq qəbul edilən bloklama qərarı təəssüf doğurur”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan mediası həm ölkə daxilində, həm də respublikamızın hüdudularından kənarda baş verən ictimai-siyasi və digər hadisələrlə bağlı heç bir tərəf tutmadan, obyektiv, balanslı xəbər təqdim etməklə cəmiyyətin informasiya tələbatını ödəmək üçün peşəkarlıqla fəaliyyət göstərir: “Hesab edirəm ki, belə olan halda Rusiyanın obyektiv xəbər təqdim edən bəzi Azərbaycan saytlarına qarşı tətbiq etdiyi bloklama qərarı bəşəri dəyərlərə hörmətsizlik, söz və ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Bu fakt bir daha göstərir ki, Rusiyanın müvafiq orqanları ölkə ərazisində obyektiv xəbərin yayılmasını istəmirlər. Şimal qonşumuzun müvafiq dövlət qurumlarının belə köhnəlmiş metodla  ifadə azadlığına zidd qərarları Rusiya cəmiyyətinin də obyektiv, alternativ mənbədən xəbər almaq imkanlarını məhdudlaşdırır. Təbii ki, Rusiyanın belə addımları ölkənin informasiya məkanının qorunması kimi qəbul edilə bilməz. Çünki Azərbaycan mediasının yaydığı xəbərlər tam obyektivlik, qərəzsizlik və tərəfsizlik prinsiplərinə əsaslanır. Ölkəmiz Ukraynada gedən müharibə ilə bağlı informasiya mübarizəsində də tərəf olmadığı üçün media mənsublarımız rəsmi dövlət orqanlarına istinadən obyektiv xəbərləri yayırlar. Bütün bunlardan belə nəticə çıxır ki, Rusiya tərəfi obyektiv, doğru məlumatların yayılmasında, həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında maraqlı deyil”.

Baş redaktor bildirib ki, Rusiya tərəfinin Azərbaycanın media orqanlarının fəaliyyətinə belə yanaşması iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı münasibətlərinə dair Bəyannamənin tələblərinə ziddir: “Halbuki 44 günlük Vətən müharibəsi zamanı Rusiya da daxil olmaqla bir sıra ölkələrin bəzi media orqanları Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla bağlı qərəzli, obyektivlikdən kənar məlumat yaymaqla məşğul idilər. Bəzi Rusiya telekanalları və saytları Vətən müharibəsi zamanı ölkəmizə qarşı birbaşa əks-təbliğat aparır, birtərəfli, erməni tərərfinin mövqeyini əks etdirən qərəzli məlumatlar yayırdılar. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti müharibə getdiyi bir vaxtda belə antidemokratik addım atmadı. Çünki Azərbaycan öz ərazisində işğalçılara qarşı ədalətli döyüş əməliyyatları həyata keçirirdi. Dövlətimiz Vətən müharibəsi zamanı müharibə qanunlarına tam əməl etdiyi kimi, media azadlığı prinsipinə də sadiqlik nümayiş etdirərək, heç bir xarici saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı”.

Vüqar Rəhimzadə ümid etdiyini bildirib ki, Rusiya tərəfi söz, ifadə azadlığının kobud şəkildə pozulması faktını aradan qaldıraraq, Azərbaycan saytlarına tətbiq etdiyi qadağanı ləğv edəcək.