YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda bir qrup şəhid ailəsi üçün bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və "Modern İnkişaf və Ailə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə martın 18-də Nəsimi rayonundan olan bir qrup şəhid ailəsi üçün bayram tədbiri keçirilib.

Öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, Prezident İlham Əliyevin 27 sentyabrı Anım Günü kimi təsis etməsi şəhidlərimizə ən ali ehtiramın göstəricidir.

Qeyd edib ki, dövlətimizin başçısı 30 illik torpaq həsrətinə 44 günlük "Dəmir yumruq" əməliyyatı ilə son qoydu. Prezident İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbərlik keyfiyyətləri, güclü sərkərdəlik məharəti sayəsində Qarabağ işğaldan azad olundu. Qürurumuz olan qəhrəman hərbçilərimiz torpaq, Vətən yolunda canlarından keçərək torpaqlarımızın azad olunması zamanı şəhidlik zirvəsinə ucaldılar.

“Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, 44 gün ərzində igid oğullarımız Vətən yolunda sinələrini sipər etdilər”, - deyən Zərifə Quliyeva bildirib ki, bu gün hər birimiz Vətən yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, onlarla fəxr edirik. Hər qarışı şəhid qanı ilə yoğurulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Novruz xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı təbiətlə - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayram haqqında ulu öndər Heydər Əliyev belə deyib: "Novruzun dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları da var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıb. Ona görə də, bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir”.

Tədbirdə şəhid ailə üzvləri və digərləri çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasətdən, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda şəhid ailələrinə və Qarabağ əlillərinə maddi yardım olunub.

Qeyd edək ki, tədbirdə 22 Vətən müharibəsi şəhidinin ailə üzvləri iştirak ediblər.