YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə Prezidentinin strateji planlaşdırmasının növbəti göstəricisi

Elşad Mirbəşir oğlu

Milli Məclisin deputatı

Tarixən yol amili dövlətlərin xarici siyasətinə, manevr imkanlarına, ümumiyyətlə, milli maraqlarının təmin olunmasına birbaşa təsir edib. Hansı dövlətin ki, multimodal nəqliyyat dəhlizlərinə effektiv çıxışı, onlardan sərbəst istifadə imkanları var, bu, mütləq şəkildə onun siyasi və iqtisadi təsir imkanlarının genişlənməsində, geosiyasi hədəflərinə daha rahat çatmasında çox təsirli rol oynayacaq. Həmçinin, geniş, etibarlı və effektiv nəqliyyat kommunikasiyası imkanları dövlətin müstəqilliyinin güclənməsinin vacib şərtlərindəndir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin nəqliyyat strategiyasını ayrıca xətt kimi müəyyənləşdirib və inkişaf etdirməkdədir. Ölkənin coğrafi mövqeyi, potensialı, dünyada cərəyan edən müxtəlif xarakterli proseslərin mümkün inkişaf ssenariləri dəqiqliklə hesablanaraq həyata keçirilən nəqliyyat strategiyası bütövlükdə Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırır. Asiya-sakit okean regionu ilə Avropanın əlaqələndirilməsi istiqamətində Azərbaycanın əsas iştirakçılardan birinə çevrilməsi məhz ölkə Prezidentinin strateji baxışlarının və strateji planlaşdırmasının real nəticəsidir. 2020-ci il 10 noyabr Birgə bəyanatında Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin də öz ifadəsini tapması Azərbaycan cəmiyyəti üçün gözlənilməz oldu. Həqiqətən də, etiraf etmək lazımdır ki, bu məsələ ətrafında cəmiyyətdə müzakirələr getmirdi. Hər bir cəmiyyət üzvünün yeganə gözləntisi torpaqların işğaldan azad olunması ilə bağlı idi. Həm torpaqlarımızın işğaldan azad edilməsi, həm də Zəngəzur dəhlizi ideyasının imzalanmış sənəddə yer alması dövlətimizin, ölkə rəhbərinin nə dərəcədə böyük gücə, iradəyə və strateji düşünmək qabiliyyətinə malik olduğunu göstərdi. Zəngəzur dəhlizi ideyasının hələ sadəcə olaraq səsləndirilməsi artıq dünya üçün təsirli mesaj rolunu oynadı. Belə ki, subliminal bir mesaj ötürmüş olduq ki, indiki Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanı da narahat edən əsas məqam məhz “Zəngəzur dəhlizi” ifadəsidir. Ötən il 20 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsində Ermənistanın mövqeyindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılacağını səsləndirməsi Ermənistan tərəfindən Azərbaycandan gələn “yeni təhdid” kimi qiymətləndirildi. Müvafiq olaraq, fikirlərində, mövqelərində daim sərt tarnsformasiyalara yol verən Ermənistanın baş naziri N. Paşinyan da Zəngəzur dəhlizi ətrafında imitasiyalar etməklə məşğul oldu. Azərbaycan isə həmişə geosiyasi və geoiqtisadi proseslərin dinamikliyinə və ruhuna uyğun addım atmaq üçün çevik davranış sərgiləyir. Meqanəqliyyat layihələrində mühüm yer almaq ölkəmizin milli inkişaf və təhlükəsizlik tələblərinin başlıca şərtlərindəndir. Azərbaycan artıq “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsinin əsas iştirakçısıdır. Zəngəzur dəhlizi isə Asiya və Avropanı birləşdirən “Şərq-Qərb” dəhlizinin mühüm seqmentlərindən birini təşkil etməlidir. Başlıca hədəf Asiyadan Avropa istiqamətində ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırmaq, müvafiq olaraq da Avropa bazarlarına təsir imkanlarını formalaşdırmaqdan ibarətdir. Artıq yuxarıda qeyd edildiyi kimi, Zəngəzur dəhlizi hələ reallaşdırılmasa da, artıq siyasi-psixoloji təsir effektlərini göstərdi. Həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi, həm də dünyanın ən böyük bazarlarına gedən istiqamətdə strateji tranzit imkanlarının yaradılması üçün vaxtında çevik addımların atılması olduqca vacib idi. Bu baxımdan, ölkənin qərb torpaqları ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün Azərbaycanla İran arasında anlaşmanın imzalanması bizim həm strateji, həm də taktiki qələbəmiz oldu. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı Azərbaycanla İran arasında imzalanmış sənəd bir çox istiqamətlərdə mühüm əhəmiyyət kəsb edir.

Birincisi, təbii ki, Naxçıvanın iqtisadi inkişafda yeni bir mərhələnin başlandığını müşahidə edəcəyik.  Belə ki, Naxçıvan iqtisadiyyatının blokadadan çıxarılması və ümumi milli iqtisadiyyatımıza inteqrasiya etdirilməsi gözlənilən ən başlıca hədəflərdəndir. Naxçıvanla etibarlı nəqliyyat əlaqəsinin qurulması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında həm mal dövriyyəsini, həm işçi qüvvəsinin yerdəyişmə imkanlarını genişləndirməklə ciddi sosial-iqtisadi töhfələr verəcək.

İkincisi, Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrini genişləndirəcək. Yəni, mahiyyət etibarilə İran üzərindən Naxçıvanla əlaqə üçün qurulacaq yeni nəqliyyat əlaqəsi Zəngəzur dəhlizinin yerinə yetirəcəyi demək olar ki, bütün funksiyaların öhtəsindən gələcək. Zəngəzur dəhlizi həm də Ermənistana beynəlxalq kommunikasiya arteriyalarına qoşulmaq, Rusiya ilə daha səmərəli nəqliyyat əlaqələri imkanları verəcəyi halda, İran üzərindən nəqliyyat əlaqəsi onu bu imkanlardan kənarda qoyacaq. Yenə də İran üzərindən Naxçıvana keçməklə Türkiyə ilə nəzərdə tutulan nəqliyyat bağlantıları yaradılacaqdır ki, bunun da mühüm siyasi və iqtisadi dividentlərini əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur.

Üçüncüsü, İran üzərindən Naxçıvanla əlaqə üçün nəqliyyat bağlantısının yaradılması qardaş Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü olan yeni regional əməkdaşlıq platformasının qurulması istiqamətində ilk praktiki addım olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan-İran dövlət sərhəddini dostluq sərhəddi adlandırmışdır.  Həqiqətən, ərazilərimizin işğaldan azad olunması Azərbaycan-İran əlaqələrinin və müvafiq olaraq siyasi münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçməsi üçün real imkanlar açdı. Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı Azərbaycan-İran anlaşması bunun bariz nümunəsidir.

Dördüncüsü, Ermənistan və onun dəstəkçiləri hər vasitə ilə Zəngəzur dəhlizini Azərbaycana qarşı siyasi şantaj alətinə çevirməyə cəhdlər edirdilər. Ermənistanda yalnış düşüncə ondan ibarət idi ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması müqabilində bəzi güzəştlərə gedə bilər. Ağır məğlubiyyət vəziyyətində sülh sazişi imzalamaqdan yayınan Ermənistan təbii  ki, bu amildə şantaj vasitəsini görürdü. Alternativ nəqliyyat əlaqəsi, hesab edirəm ki, bu istiqamətdə erməni düşüncəsini alt-üst etdi. Azərbaycan Prezidenti növbəti dəfə nümayiş etdirdi ki, həmişə effektiv alternativlərə malikdir.

Beşincisi, İran üzərindən Naçıvanla əlaqə elə həm də Zəngəzur dəhlizinə aparan yoldur. Düşünmək olar ki, İran üzərindən nəqliyyat əlaqəsi yaradıldıqdan sonra Zəngəzur dəhlizi ideyası Ermənistanın əlində şantaj aləti kimi əhəmiyyətini itirəcək. Müvafiq olaraq, dəhlizin açılmaması üçün edilən cəhdlər zəifləyəcək və aradan qalxacaq. Deməli, Azərbaycan məqsədlərinə çatmaq üçün çoxvektorlu taktiki gedişlər etmək imaknına hər zaman malikdir. İran üzərindən Naxçıvanla əlaqənin yaradılması heç də Zəngəzur dəhlizinin arxa plana keçməsi anlamına gəlməməlidir. Gələcəkdə Zəngəzur dəhlizi də açıldığı halda bunun kommunikasiya təhlükəsizliyi baxımından əhəmiyyəti daha böyük olacaq. Yəni, bir yoldan asılılıq aradan qalxmış olur.

Bütün qeyd etdiklərimiz aydın göstərir ki, Azərbaycanın milli maraqlarına uyğun bütün hədəflərinə rahat çatmaq üçün tətbiq etdiyi strategiyasının zəngin komponentləri mövcuddur. Bir sözlə, Azərbaycan Prezidenti nəyi necə, nə vaxt etməyin lazım olduğunu yaxşı bilir.