YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə, dostluğa, həmrəyliyə köklənmiş bayram

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Xalqımızın özünə xas zəngin tarixi, milli adət - ənənələri var. Bunlardan biri də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı olan – Novruz bayramıdır. Bu bayram təkcə Azərbaycanda deyil, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Azərbaycanın Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri – Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Artıq ikinci ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim !” deyən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi.

Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır.

Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır.

“Papaq atmaq”, “tonqaldan tullanmaq”, “qulaq falı”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” kimi qədim və məşhur  adətlər ancaq və ancaq xalqımıza xas olan adətlərdir, xüsusiyyətlərdir.

Xalqımızın qədim adət - ənənələrini, zəngin tarixini, folklorunu əks etdirən, məşhur pəhləvanların, kəndirbazların məharətini, gücünü nümayiş etdirən, baharın simvolu olan Kosa və Keçəlin iştirakı ilə komik tamaşalardan bəhs edən Novruz bayramı haqqında bir çox filmlər də çəkilmişdir.

Hər il milli, əziz bayramımız olan Novruz bayramı ərəfəsində dünyanın hər yerindən bu bayramı qeyd etmək, canlı şəkildə izləmək üçün respublikamıza minlərlə qonaqlar, turistlər gəlir. Onlar böyük ruh yüksəkliyi ilə bayram tədbirlərində iştirak edir, milli mətbəximizlə tanış olur, milli şirniyyatlarımıza qonaq edilir, bununla da müdrik xalqımızın necə də zəngin tarixə, folklora malik olmasını, dünyada ən sülhsevər, qonaqpərvər, tolerant bir xalq olduğunun bir daha əyani şahidi olurlar.