YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramını qalib xalq olaraq qeyd etmək misli görünməmiş xoşbəxtlikdir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Hələ respublikamıza rəhbərliyinin birinci dövründə - ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır. Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, insanları təbrik edir, milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərmişdir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram. Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun.