YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

DSMF “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Açıq qapı günü”-vətəndaş forumu keçirib

DSMF “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Kürdəmirdə “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

Forumda bildirilib ki, Azərbaycanın pensiya təminatı sistemi işləyən vətəndaşların dövlət qulluğunda xidmətə üstünlük verməsini xüsusilə stimullaşdırır   

Aprelin 3-də Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Kürdəmirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının  sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.

Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırııb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri F.Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın  bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.

1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13863 nəfər təşkil edir. Onların 60,89 faizi yaşa görə, 26,42 faizi əlilliyə görə, 12,69 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7 faizi kişilər, 30,3 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.

Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.