YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu demokratik dəyərlərin təşviqini, o cümlədən parlamentarizm ənənələrinin möhkəmlənməsini təmin edib. Xüsusilə də, 2020-ci il fevral ayında keçirilmiş parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı VI çağırış parlamentin ilk iclasında – 2020-ci il martın 10-da dərin məzmunlu çıxış edərək ölkəmizdə mövcud olan siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini ifadə etdi”.  Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub.

F.Yıldırımın sözlərinə görə, Milli Məclis sədrinin qadın seçilməsi, ölkəmizdə qadınların demokratik dəyərlərin təşviqi prosesinə cəlb edilməsi baxımından olduqca önəmli hadisədir. Eyni zamanda müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilmələri də əlamətdar hadisə kimi qeyd etmək lazımdır. Bu seçkilər fonunda həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri qadın və gənc deputatların sayının artması, onların qanunvericilik işində iştirakına yeni imkanların yaradılmasıdır.

“Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, 50 siyasi partiya birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bütün bunlar göstərir ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək bizi cəmiyyət olaraq bundan sonra da daim irəli aparacaq”, - deyə F.Yıldırım vurğulayıb.

Deputat deyib ki, VI çağırış Milli Məclis ötən iki il ərzində kifayət qədər məhsuldar və səmərəli  fəaliyyət göstərib: “Sahibə Qafarovanın rəhbərliyi ilə ötən iki ildə parlament öz fəaliyyətini uğurla həyata keçirib. Milli Məclisin qanunvericilik təşəbbüsləri artıb, o cümlədən parlamentdə qadınların və gənclərin geniş təmsil olunması demokratik inkişafın mühüm göstəricisi kimi qanunvericilik fəaliyyətinə də öz töhfələrini verməkdədir. Qeyd edim ki, VI çağırış Milli Məclis çətin dövrdə fəaliyyətə başladı. Dünyanı koronavirus pandemiyası cənginə aldı. Parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub, ictimai dinləmələr təşkil edilib. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edilib. Eyni zamanda, fəaliyyətimizin bir hissəsi Vətən müharibəsini əhatə etdi. Çətin, ağrılı  anlar yaşasaq da, qürurluyuq ki, deputat kimi bu tarixi hadisələrə şahidlik etdik. Milli Məclisin sessiyaları çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqləyir. Xüsusilə, Vətən müharibəsi dövründə deputatlarımız öz fəaliyyətlərini daha da gücləndirib, parlament rəhbərliyi səviyyəsində, eləcə də dostluq qruplarının rəhbərləri və beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz   xarici ölkələrdəki həmkarlarımızla fəal təmaslar qurulub. Mən də Səudiyyə Ərəbistanı Krallığı ilə parlament dostluq qrupunun sədri kimi qarşı tərəflə onlayn görüşlər keçirmiş, GUAM Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olaraq Azərbaycanın haqq səsinin çatdırılması işində öz mövqeyimi bildirmişəm. Eləcə də, parlament adından dünya ölkələrinin parlamentlərinə çoxsaylı müraciətlər ünvanlanıb. Məqsəd Ermənistanın terrorçu mahiyyətini ifşa etmək, Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarət idi. Sevindirici haldır ki, parlament olaraq bu işin öhdəsindən layiqincə gələ bildik.  Bütünlüklə, bu konteksdə Milli Məclisin ötən dövr üzrə fəaliyyətini qənəatbəxş hesab etmək olar. Parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, xüsusilə şəhid ailələri və qazilərlə davamlı görüşlər keçirildi, onları narahat edən məsələlər dinlənildi və problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Biz bundan sonra da qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq”.

DİGƏR Xəbərlər Arxiv