YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Abşeron rayonunda şəhid analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər gül çiçəkləri düzərək, xatirəsini ehtiramla anıblar.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan qadınına ictimai həyatına və fəaliyyətinə həsr olunmuş video-rolik nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda Azərbaycanın Birinci Vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmaqla şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, onların vətənpərvərliyin təbliğatçısı olduğunu vurğulayan icra başçısı bildirmişdir ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 günlük Zəfər müharibəsində azad etməyi bacarıblar.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev öz çıxışında şəhid analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb. Bildirib ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Şəhidlərimiz kimi, onların anaları, ailələri də hər kəs üçün dəyərlidir.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid leytenant Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.

Sonda tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.